Regionlarda heyvanlar arasında bruselyoz yayılıb
Müvafiq qurumlar buna qarşı tədbirlər görürlər
Azərbaycanın bütün regionlarında bruselyoz xəstəliyinin yayılması rəsmi olaraq təsdiqlənib. Bu, ölkə əhalisi arasında bu xəstəliyə yoluxma təhlükəsi ilə bağlı təşviş yaradıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nigar Səfi mətbuata açıqlamasında xəstə heyvanların sayının artmasını vaksinasiya olunmamış heyvanların bazara çıxarılması ilə izah edib. Onun sözlərinə görə, əvvəllər bu xəstəliyə tutulmuş heyvanlar təsərrüfatlardan uzaqlaşdırılırdısa, indi fermerlər bunu etmirlər, son nəticədə isə bruselyoz xəstəliyinin miqyası genişlənir: “Vəziyyəti düzəltmək üçün heyvanlar arasında peyvəndləmə işləri aparırıq, amma hələ ki xəstəliyin azaldığı müşahidə edilmir”.
Heyvanlar arasında xəstəliyin yayılması artıq beynəlxalq təşkilatları da narahat edir. Bakumedinfo.com saytının yazdığına görə, BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə təşkilatı (FAO) Azərbaycanda heyvanların xəstələnməsinə nəzarətin təkmilləşdirilməsi üzrə layihəyə başlayır. Layihənin məqsədi ölkəmizdə heyvanların endemik və ekzotik transsərhəd xəstəliklərinin profilaktikasına, diaqnostikasına və erkən aşkarlanmasına cavabdeh olan idarə və müəssisələrin potensialının artırılmasıdır. Bu sahədə milli referens laboratoriyasının və 6 regional sınaq laboratoriyasının əməkdaşları, bir sıra dövlət və özəl müəssisələrdə çalışan baytarlar beynəlxalq və yerli ekspertlərin iştirakı ilə keçiriləcək xüsusi treninqlərdə iştirak edəcəklər.
Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev insanlar arasında da bruselyoz xəstəliyinə rast gəlindiyini söyləyib, əhalini ehtiyatlı davranmağa səsləyib. O bildirib ki, hazırda satışda baytar nəzarətindən kənarda qalan ət və süd məhsullarının satışı hallarına rast gəlinir: “Odur ki, insanlar əti və südü yaxşı qaynatmamış yeməsinlər. Ət və süd məhsullarında bruselyoz infeksiyası olsa belə, qaynadıqdan sonra insan orqanizminə yoluxmur. Eyni zamanda, hər yoldan keçəndən qatıq, pendir almaqdan da çəkinmək lazımdır”.
Qeyd edək ki, bruselyoz kənd təsərrüfatı və vəhşi heyvanların, eləcə də insanların xronik gedişli yoluxucu xəstəliyidir. Törədicisi Brusella cinsindən olan bakteriyalardır. Bunların məlum olan 6 növündən 4-ü kənd təsərrüfatı heyvanlarında xəstəlik törədir. İnsanlar üçün daha təhlükəli Brusella melitensis növü sayılır. İnsanlara ət-süd məhsulları vasitəsilə yoluxan xəstəlik sinir və ürək-damar sistemlərini, sümük və oynaqları zədələyir.