İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində proqram təminatı üzrə təlim keçirir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin əməkdaşları tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlimlər keçirirlər.
Ölkə başçısının “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli Fərmanından irəli gələrək tibb müəssisələrinin elektronlaşdırılması və icbari tibbi sığorta sisteminə keçidinin təmin edilməsi məqsədilə aparılan təlimlər hələlik Bakı şəhəri üzrə 19 xəstəxananın (M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası, Zabrat və Zirə Müalicə-Diaqnostika Mərkəzləri, 7, 10, 14, 21, 22, 24, 26, 29 və 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanaları, Neyrocərrahlıq Xəstəxanası, Tibbi Reabilitasiya Xəstəxanası, 5 nömrəli Klinik Doğum Evi, Uşaq Bərpa Müalicə Mərkəzi, 8 nömrəli Şəhər Xəstəxanası, 3 nömrəli Uşaq Xəstəxanası, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası) tibbi personalı üçün təşkil olunub.
Tibb müəssisələrinin fəaliyyətlərinin elektronlaşdırılması məqsədi daşıyan proqram təminatı vasitəsilə xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatı aparılacaq. Burada vətəndaşın müraciət etdiyi şöbələr, pasiyentə xidmət göstərən həkimlər, ona təyin olunan müayinə və müalicələr (ambulator və stasionar) barədə məlumatlar öz əksini tapacaq. Həmçinin proqram təminatı vasitəsilə xəstəxanaya müraciət edən şəxsin sığortalı olub-olmamasını da müəyyən etmək mümkün olacaq. Proqramda qeyd edilən diaqnozlar və laborator xidmətlərin elektron olması isə tibbi ekspertizanın aparılmasına imkan yaradacaq.
Təlim zamanı iştirakçılara proqram təminatından istifadə qaydaları izah olunub və hər bir iştirakçıya adına uyğun istifadəçi girişi, şifrəsi təqdim edilib. İştirakçılar şərti olaraq pasiyentin təqdim edəcəyi şəxsiyyət vəsiqəsinin FİN məlumatını istifadə etməklə proqrama məlumatları daxil ediblər. İştirakçılara istifadəçi təlimatı və proqrama daxil olmaq üçün link təqdim edilib, fərdi şəkildə proqrama daxil olaraq növbəti təlimə kimi məşq etmək imkanı yaradılıb.
Hazırlanmış plana uyğun olaraq, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək bütün tibb müəssisələrində belə təlimlər keçiriləcək.