Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclasında komitə sədri Əhliman Əmiraslanov gündəliyə bir sıra qanunlarda dəyişikliklərin edilməsi və icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı Koreya Respublikasının təcrübəsi barədə məsələlərin daxil edildiyini bildirib.
Əvvəlcə “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihəyə baxılıb.
Parlament aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova bildirib ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun bir sıra maddələrində “sosial-psixoloji reabilitasiya” sözləri “psixoloji reabilitasiya və psixoloji korreksiya” ifadəsi ilə əvəz olunur. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunun müvafiq maddələrində “sosial, psixoloji və digər kömək” sözləri “Psixoloji yardım haqqında” Qanunla müəyyən edilmiş qaydada “psixoloji yardım, habelə sosial və digər kömək” sözləri ilə əvəzlənir. Bu qanunla bir paketdə daxil olan digər qanunvericilik aktlarında da eyni məzmunlu dəyişikliklər nəzərdə tutulub.
Sonra “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənəd təqdim olunub. Qeyd edilib ki, həmin qanunlarda hazırkı “psixoloji yardım almaq” ifadəsi təklif olunan variantda “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq kimi nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, yuxarıda adı çəkilən qanunlara edilməsi nəzərdə tutulan dəyişikliklər “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli Qanunu ilə əlaqədardır. Birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələri deputatlar tərəfindən müsbət dəyərləndirilərək, Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov cari ilin iyun ayında Koreya Respublikasına səfəri barədə də danışıb. Bildirilib ki, nümayəndə heyətinə ölkənin aidiyyətli qurumlarının təmsilçiləri daxil idilər. Səfər müddətində nümayəndə heyətinin üzvləri Koreya Respublikasının icbari tibbi sığortanın tətbiqi sahəsində təcrübəsi, bu istiqamətdə göstərilən xidmətlər, bununla bağlı qanunvericilik bazası ilə tanış olublar.
Məlumat verilib ki, hazırda ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiq olunması üçün hazırlıq işləri həyata keçirilir. Sistemin tətbiqinə 2020-ci ildən başlanılması gözlənilir. Bununla bağlı tibb müəssisələrində də lazımi işlər görülür.
Müzakirələr zamanı çıxış edən deputatlar Musa Quliyev, Qənirə Paşayeva, İlham Məmmədov, Rəşad Mahmudov və Kəmaləddin Qafarov məsələyə dair öz fikirlərini səsləndiriblər. Vurğulanıb ki, tibbi sığortanın ölkə üzrə tam tətbiqi vətəndaşların mənafeyinə xidmət edəcək, onlar keyfiyyətli tibbi xidmətlə təmin olunacaqlar. Qeyd edilib ki, bu sahədə maarifləndirmə işlərinin aparılması böyük əhəmiyyət daşıyır.
Sonra Əhliman Əmiraslanov və iclasda iştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin Statistika şöbəsinin müdiri Tural Qulu deputatları maraqlandıran sualları cavablandırıblar.