Bakıda II Milli Ortopedik Simpozium

Bakıda II Milli Ortopedik Simpozium

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) II Milli Ortopedik Simpozium keçirilib. İSİM və “Hemofiliyalı xəstələr” İctimai Birliyinin təşkilatçılığı, Dünya Hemofiliya Federasiyasının dəstəyi ilə təşkil olunan tədbirin məqsədi hemofiliyanın əsas və yayılmış fəsadlarından olan dayaq-hərəkət sistemi patologiyalarının, əzələ atrofiyasının qarşısının alınmasında dünya ortopedləri ilə təcrübə mübadiləsi aparmaq, bu sahədə əməkdaşlığı inkişaf etdirmək olub.
Tədbiri giriş sözü ilə İSİM-in direktoru Qəhrəman Haqverdiyev açaraq bildirib ki, hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsi məsələsi daim aktualdır. Belə insanlar ölkəmizdə dövlət qayğısı ilə əhatə olunur, onların müalicəsi üçün mühüm tədbirlər görülür.
Səhiyyə Nazirliyinin Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova qeyd edib ki, bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələr ev, stasionar və ambulator şəraitdə müalicə alırlar: “Hazırda ölkəmizdə dispanser qeydiyyatında olan 1-5 yaş arasında hemofiliyalı xəstələrin sayı 90, 5-15 yaş arasında 244, 15 yaşdan yuxarı 1287 nəfərdir. Göründüyü kimi, hazırda ölkəmizdə qeydiyyatda olan hemofiliyalı xəstələrin yalnız 21 faizini azyaşlı uşaqlar təşkil edir”.
Dünya Hemofiliya Federasiyasının Avropa və Mərkəzi Asiya üzrə direktoru Yulian Tzolov bildirib ki, əsası 1964-cü ildə qoyulmuş Federasiya 1969-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb. O, səmərəli müalicə metodlarının müzakirəsi və beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından simpoziumun əhəmiyyətini qeyd edib.
Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi Çingiz Əsədov, “Hemofiliyalı xəstələr” İctimai Birliyinin sədri Gülnarə Hüseynova ölkəmizdə hemofiliyalı xəstələrə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.
Simpoziumda yerli mütəxəssislərlə bərabər, Rusiyanın Hematoloji Elmi Mərkəzinin Koaqulopatiyalar üzrə elmi-konsultativ şöbəsinin müdiri Nadejda Zozulia, Qırğız Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya və Hematoloji Mərkəzinin koordinatoru Timur Narbekov, Budapeşt şəhərində Kompleks Hemofiliya Müalicə Mərkəzinin ortoped cərrahı Lajos Bartha, Macarıstan Semmelveis Universitetinin Ortopediya bölümünün dosenti George Kocsis, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktor müavini Aziza Mahmudova hemofiliyanın yeni müalicə metodları haqqında məruzələrlə çıxış ediblər. Mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova