Qaradağda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
Ölkə vətəndaşlarının sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi dövlətimizin sosial siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyevin tapşırığına əsasən, hər il əhalinin tibbi profilaktik müayinəyə cəlb edilməsi üçün zəruri tədbirlər görülür. Doğma yurdundan didərgin düşən həmvətənlərimiz üçün artıq ənənəyə çevrilmiş növbəti tibbi müayinə aksiyası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirilib.
Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının (RKX) əksəriyyəti elmi və ali dərəcəli mütəxəssislər olan 20 nəfərdən ibarət həkim briqadası qəsəbədə yerləşən 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (BŞX) Poliklinika şöbəsində məcburi köçkünlərin müayinəsini aparıb.
Aksiya çərçivəsində 400 nəfərə yaxın məcburi köçkün müayinə olunub. Səhhətində problem aşkar edilənlərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib. Bir neçə nəfərə xəstəxanaya göndəriş verilib.
RKX-nın baş həkimi Telman İbadov və 19 nömrəli BŞX-nın baş həkimi Elçin Hüseynov aksiyanın gedişinə nəzarət ediblər.
Məcburi köçkünlər onların sağlamlığına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildiriblər.
Tibbi aksiyaların məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.