Tacikistan nümayəndə heyəti Səhiyyə Nazirliyində olub
İbn Sina adına Tacikistan Dövlət Tibb Universitetinin prorektoru, professor Saidmukim İbodovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkələrimiz arasında tibb təhsili sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi ilə Azərbaycanda olub.
Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, həmçinin Tacikistan Dövlət Tibb Universitetinin təmsilçilərinin daxil olduğu nümayəndə heyətinin üzvləri üçgünlük səfər zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyində, Azərbaycan Tibb Universitetində (ATU) və digər qurumlarda görüşlər keçiriblər.
Səhiyyə Nazirliyində baş tutan görüş zamanı qonaqlara ölkəmizin son illərdə tibb sahəsində əldə etdiyi uğurlar, yaradılan yeni xəstəxana və diaqnostika mərkəzləri, həmin səhiyyə ocaqlarının ən yeni avadanlıqlarla təchiz olunması barədə məlumat verilib.
Nümayəndə heyətinin üzvləri qeyd ediblər ki, Tacikistan səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycanın əldə etdiyi təcrübənin öyrənilməsinə maraq göstərir.
Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalovun, Kadrlar, elm və təhsil şöbəsinin müdiri Kəmalə Mehdiyevanın, Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidovun və digər rəsmi şəxslərin iştirak etdiyi toplantıda iki ölkə arasında səhiyyə və tibb təhsili sahəsində əməkdaşlığın müxtəlif tərəfləri müzakirə olunub.
Tacikistan nümayəndə heyəti həmçinin Azərbaycan Tibb Universitetində də olub, burada ATU-nun klinikalarına, tədris binalarına baxış keçirib, tədris prosesini izləyib.
Tacikistanlı qonaqlarla görüş zamanı ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Əliyev Azərbaycan və Tacikistanın tibb təhsili və səhiyyə sahəsində əlaqələrinin tarixini xatırladıb, tibb universitetləri arasında birbaşa əlaqələr yaradılmasının vacibliyini ifadə edib. ATU-da aparılan islahatlar barədə məlumat verən prorektor elektron universitet sisteminə keçidin tətbiqindən, xarici tələbələrin yeni üsulla qəbulundan, imtahan prosesindəki dəyişikliklərdən bəhs edib.
ATU-nun Rezidentura şöbəsinin müdiri, professor Rizvan Məmmədov tacikistanlı həmkarlarına rezidentura sistemi haqqında məlumat verərək bildirib ki, hazırda 40 ixtisas üzrə rezidenturaya qəbul aparılır.
Nümayəndə heyətinin üzvləri gələcəkdə Tacikistan Dövlət Tibb Universitetində rezidentura sisteminin tətbiqinin planlaşdırıldığını bildiriblər. Görüş zamanı bu istiqamətdə əməkdaşlığın perspektivləri, iki ölkə arasında səhiyyə və tibb təhsili sahəsində işbirliyinin müxtəlif tərəfləri müzakirə edilib.