Tibb Universiteti elmi əlaqələrini genişləndirir
Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb bölməsi ilə birlikdə Elm Gününə həsr olunmuş elmi seminar keçirilib. Toplantıda Azərbaycanla yanaşı, Rusiya və Belarusdan mütəxəssislər iştirak ediblər.
Seminardan əvvəl qonaqlar ATU-nun Onkoloji Klinikasının direktoru, Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovla görüşüblər. Klinikanın fəaliyyəti, görülən işlər barədə qonaqlara məlumat verən Ə.Əmiraslanov burada kimya terapiyası, qida borusu və sümük onkologiyası sahəsində aparıcı mütəxəssislərin çalışdığını, müxtəlif mürəkkəb əməliyyatların icra olunduğunu diqqətə çatdırıb.
AMEA-nın Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölkəmizdə hər il 27 mart tarixinin Elm Günü kimi qeyd olunması elmi ictimaiyyət üçün əlamətdar hadisədir. AMEA-nın institutlarında, təhsil ocaqlarında bu gün münasibətilə müxtəlif formatlı tədbirlər keçirilir. Onkoloji Klinikada təşkil olunan elmi seminar müasir biotibbin aktual məsələlərinə həsr olunub.
Rusiyanın D.O.Ott adına Mamalıq, Ginekologiya və Reproduktologiya Elmi Tədqiqat İnstitutunun Patomorfologiya şöbəsinin rəhbəri, professor İqor Kvetnoy təmsil etdiyi qurum, orada aparılan elmi tədqiqatlar barədə məlumat verib.
“Qocalmanın neyroimmunoendokrin mexanizmləri. Bukkal epiteli və yaşla bağlı xəstəliklərin fərdiləşdirilmiş diaqnostikası və target terapiyasının optimallaşdırılması” mövzusunda keçirilən elmi seminarda yaşla bağlı xəstəliklər və onların yeni müalicə üsulları barədə müzakirələr aparılıb.
Tədbirdə Belarusun Fiziologiya İnstitutunun onkoloji xəstəliklərlə məşğul olan mütəxəssislərinin mühazirələri də dinlənilib.