Tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası ilə əlaqədar müzakirələr aparılıb
![Tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası ilə əlaqədar müzakirələr aparılıb](/uploads/posts/2019-04/1554724892_tibb-iilrinin-sertifikasiyas-v-rezidentlrin-attestasiyas-il-laqdar-mzakirlr-aparlb-1.jpg)
Bu ilin fevralında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası ilə əlaqədar beşgünlük təlimlər keçirilib. ABŞ-dan dəvət olunmuş mütəxəssislər – Viskonsin Tibb Kollecinin Plastik cərrahiyyə kafedrasının fəxri professoru Devid Larson və Oreqon Sağlamlıq və Elm Universitetinin fəxri professoru Ceyms Smit ABŞ-da rezidentura təhsili sistemi, komitə sertifikasiyası, tibbi lisenziya və ixtisas təhsilinin tanınması, həmçinin müxtəlif ölkələrdə rezidentura təhsili sistemləri haqqında məlumat veriblər.
Həmin prosesi təkmilləşdirmək məqsədilə Səhiyyə Nazirliyinin, İSİM-in və təhsil müəssisələrinin nümayəndələri arasında müzakirələr aparılıb. Beş gün davam edən təlimlərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) nümayəndələri də iştirak ediblər.
Təlimlərdə əldə olunan məlumatları bu təhsil müəssisəsinin professor-müəllim heyətinə çatdırmaq üçün bu günlərdə institutda həmin məsələ ilə əlaqədar iclas keçirilib.
Toplantıda ADHTİ-nin Terapiya fakültəsinin dekanı, dosent Zemfira Quliyeva ətraflı çıxış edərək, iştirakçılara sertifikasiya imtahanı proseslərinin müxtəlif növləri, onların müsbət və mənfi cəhətləri, çoxseçimli sualların yazılması qaydaları, onların düzgünlüyünün və etibarlılığının qiymətləndirilməsi, fundamental elm sahələri üzrə sualların yazılması təcrübəsi haqqında məlumat verib.
Sonra bu mövzular ətrafında müzakirələr aparılıb.