“Müasir nefrologiyanın aktual problemləri” elmi-praktik konfransı
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Böyrək Gününə həsr olunmuş “Müasir nefrologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, “Nefrologiyanın İnkişafına Yardım” İctimai Birliyinin birgə təşəbbüsü ilə təşkil edilən tədbirdə ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov çıxış edərək, Ümumdünya Böyrək Gününün bütün dünyada, o cümlədən Azərbaycan Tibb Universitetində də hər il qeyd edildiyini bildirib. Onun sözlərinə görə, 2006-cı ildən etibarən əksər ölkələrdə həmin gün tədbirlər, konfranslar keçirilir, nefroloqlar fikir və bilik mübadiləsi aparır, elmi işləri müzakirə edirlər.
R.Bəylərov nefroloji xəstələrə dövlət qayğısından da danışıb: “İndi ölkəmizdə xroniki böyrək çatışmazlığı, hemodializ və böyrək transplantasiyası üçün lazım olan xərcləri dövlət proqramı əsasında Səhiyyə Nazirliyi öz üzərinə götürüb. Digər ölkələrdə isə belə deyil. Bu da dövlətimizin böyrək xəstəliyindən əziyyət çəkən insanlara olan diqqət və qayğısından xəbər verir”.
Tədbir müxtəlif mövzularda məruzələrlə davam edib.