“Cərrahiyyənin aktual problemləri” regional elmi-praktik konfransı
Səhiyyə Nazirliyinin Davamlı Tibbi Təhsil proqramı çərçivəsində, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, “Azərbaycan Cərrahlar və Qastroenteroloqlar” İctimai Birliyi və Quba Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə Quba şəhərində “Cərrahiyyənin aktual problemləri” mövzusunda regional elmi-praktik konfrans keçirilib.
Tədbirdə Elmi Cərrahiyyə Mərkəzinin həkimləri ilə yanaşı, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan cərrahlar, qastroenteroloqlar, anestezioloq və reanimatoloqlar, kardioloqlar, endokrinoloqlar və terapevtlər iştirak ediblər.
Konfransda çıxış edən Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev Prezident İlham Əliyevin xalqımızın sağlam həyat tərzi və rifah halının yüksəldilməsini daim diqqət mərkəzində saxladığını xüsusi vurğulayıb, bu siyasətin tibb işçiləri tərəfindən hər zaman dəstəkləndiyini bildirib.
Sonra mütəxəssislərin məruzələri dinlənilib və mövzular ətrafında müzakirələr aparılıb. Elmi Cərrahiyyə Mərkəzinin aparıcı mütəxəssisləri professorlar Ə.Məmmədov, F.Səidova, N.Abışov, tibb elmləri doktorları E.Rüstəmov, F.Həsənov, Z.Şirinov, tibb üzrə fəlsəfə doktoru İ.Heybətov həzm traktının, endokrinologiyanın, ürək-damar sistemi və anesteziologiya-reanimatologiyanın aktual problemlərinə həsr olunan maraqlı məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.