Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılması üçün tədbirlər görülür
![Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılması üçün tədbirlər görülür](/uploads/posts/2019-04/1554722721_azrbaycanda-2020-ci-il-qdr-ttndn-istifadnin-10-faiz-azaldlmas-n-tdbirlr-grlr.jpg)
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığı üzrə dəyirmi masa keçirilib.
Mərkəzin direktoru Qəhrəman Haqverdiyev çıxış edərək, tədbirin əsas məqsədinin ictimaiyyətin diqqətini tütünün yaratdığı təhlükəli fəsadlara yönəltmək və bu istiqamətdə maarifləndirməni, əməkdaşlığı daha da genişləndirmək olduğunu deyib: “Hazırda əsas məqsədimiz budur ki, Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılmasına nail olaq. Unutmayaq ki, əhalinin sağlamlığının qorunmasına təsir edən əsas faktorlardan cəmi 10 faizi tibbin üzərinə düşürsə, qalan 50 faizi həyat tərzi, 20 faizi irsi amillər, 20 faizi isə ətraf mühitin göstərdiyi təsirlərdir. Bu baxımdan, ictimai səhiyyə, yəni profilaktika tədbirləri və maarifləndirmə işləri, qarşılıqlı fəaliyyət və əməkdaşlıq əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır”.
İSİM-in İctimai səhiyyə şöbəsinin müdiri Tofiq Musayev ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun tətbiqinin gündəlik həyatımızda artıq özünü göstərdiyini, ictimai yerlərdə tüstüsüz mühitin yaradılması üçün müəyyən qadağalar və inzibati cəzalar həyata keçirildiyini deyib.
Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva “Tütünlə mübarizə sahəsində məqsədyönlü kommunikasiya tədbirləri” mövzusunda çıxış edərək zərərli vərdişlərə qarşı mübarizənin daha effektiv, daha səmərəli aparılması üçün qarşılıqlı fəaliyyətin mühüm rolunu vurğulayıb.
Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə “Sağlamlıq və rifah: biznes qurumlarının rolu və əməkdaşlığın əhəmiyyəti” mövzusunda geniş təqdimatla çıxış edib, hər kəsi əhalinin sağlamlığı istiqamətində görülən işlərə dəstək olmağa çağırıb.
Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə dəyirmi masa iştirakçılarına İSİM-in multisektoral fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Hökumət və qeyri-hökumət təşkilatları, biznes strukturlarının nümayəndələrinin iştirakı ilə keçən dəyirmi masada səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Yekunda Azərbaycanda ictimai səhiyyənin təşkili işinə, əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlərə dəstək verən təşkilatlara təşəkkürnamələr və bütün iştirakçılara tütün əleyhinə maarifləndirici materiallar təqdim olunub.