Səyyar klinikalarda oftalmoloji aksiyalar davam etdirilir

Səyyar klinikalarda oftalmoloji aksiyalar davam etdirilir

Əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçısının bütün ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərin sağlamlığının qorunmasını daim diqqət mərkəzində saxlaması da bunu təsdiqləyir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) səyyar klinikalarının Azərbaycanın paytaxtında, müxtəlif şəhər və rayonlarında mütəmadi olaraq təşkil etdiyi aksiyalar da məhz dövlət başçısının səhiyyə siyasətinin reallaşdırılmasına xidmət edir.
Bu haqda Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bizə verilən məlumatda qeyd edilib. Bildirilib ki, görülən işlərin davamı kimi, bu günlərdə MOM-nin Avtomobil Səyyar Klinikası Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə növbəti tibbi aksiya keçirib: “Aksiyada 150 nəfərdən artıq məcburi köçkün müayinə olunub. Məqsədimiz pasiyentləri müayinə, müalicə etmək, refraksiya anomaliyalarını aşkarlamaq, onların bu və ya digər oftalmoloji problemlərinin aradan qaldırılmasına kömək göstərmək idi”.
Mərkəzdən verilən məlumatda digər tibbi aksiyanın Xaçmaz sakinləri arasında keçirildiyi bildirilir: “Rayon sakinlərinə Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası tibbi xidmət göstərdi. İki gün davam edən aksiyada məqsəd operativ şəkildə pasiyentlərin erkən diaqnostikası, müalicəsi, hətta ehtiyacı olan xəstələrin cərrahi əməliyyatlarının həyata keçirilməsidir.
Məlumatda deyilir ki, Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan – Azərbaycan sərhədi ərazisində də aksiyalar reallaşdıracaq. Uzunluğu 25, eni 3 metr olan vaqon-klinika Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün ən müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunub. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası qatarda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər”.
MOM Avtomobil Səyyar Klinikası fevral ayının sonuncu aksiyasını Şəki şəhərində keçirib. Aksiyada iki gün ərzində şəhər sakinlərinə müvafiq tibbi xidmət göstərilib.

Ü.FƏRZƏLİYEVA







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova