Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib
Naxçıvan Muxtar Respublikasında müasir səhiyyə infrastrukturunun yaradılması insanlara verilən dəyərin ifadəsidir. Şərur rayonunda yeni Uşaq Xəstəxanası da bu sahədə görülən işlərin davamıdır.
Şərur Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri yeni tibb müəssisəsinin istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edib. Bildirib ki, bu gün ölkəmizdə səhiyyə sahəsində mühüm tədbirlər həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin “Sağlam nəslin böyüdülməsi dövrümüzün ən başlıca sosial vəzifəsi kimi qarşımızda durur” sözlərini xatırladan Vasif Talıbov bu istiqamətdə atılan addımlardan danışıb, ötən ilin oktyabr ayında “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu, Şərur Rayon Uşaq Xəstəxanasının həmin proqrama uyğun olaraq istifadəyə verildiyini deyib. Qeyd edib ki, hazırda Şərurda 116 mindən artıq əhaliyə bir mərkəzi xəstəxana, bir kənd sahə xəstəxanası, bir Gigiyena Epidemiologiya Mərkəzi, 27 ambulatoriya və 32 feldşer-mama məntəqəsi tərəfindən səhiyyə xidməti göstərilir. Rayon əhalisinin 41 mindən çoxu 1-17 yaş arasında olan uşaq və gənclərdir. Yeni xəstəxana onlara lazımi tibbi xidmətin göstərilməsi üçün zəruri tibbi avadanlıqlarla təmin olunub. Burada 25-i həkim olmaqla, 85 tibb işçisi uşaqların və gənclərin sağlamlığı keşiyində duracaq, onlara həm stasionar, həm də poliklinika xidməti göstərəcək. Ali Məclisin Sədri vurğulayıb ki, kollektivin qarşısında duran əsas vəzifə dövlət proqramında nəzərdə tutulan məsələləri həyata keçirmək, səhiyyə protokollarına əməl etməkdir. Yaradılan şərait, quraşdırılan müasir avadanlıqlar, həkimlərin ixtisasını artırması üçün görülən tədbirlər bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcək.
Şərur Rayon Uşaq Xəstəxanasının baş həkimi Günay Quliyeva çıxış edərək, muxtar respublikada uşaq və gənclərin sağlam böyüməsi üçün görülən ardıcıl tədbirlərdən danışıb. Müasir səhiyyə müəssisələrinin istifadəyə verilməsi, “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Müasir tələblərə uyğun qurulmuş xəstəxanada uşaqların yüksək səviyyədə müayinə və müalicəsi üçün şərait yaradılıb. Bunun sayəsində Şərur rayonunda uşaq əhalisi tam keyfiyyətli tibbi xidmətlə əhatə olunacaq. Günay Quliyeva Şərur Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsinə və burada yaradılan yüksək şəraitə görə kollektiv adından minnətdarlıq edib, etimadı doğruldacaqlarına söz verib.
Sonra Ali Məclisin Sədri xəstəxanada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, müasir cihazlarla təmin olunmuş səhiyyə ocağında stasionar şöbə, poliklinika bölməsi və yoluxucu xəstəliklər üçün izolyator fəaliyyət göstərəcək. Burada yaradılan nümunəvi tibbi informasiya sistemi xəstələrin qeydiyyatının elektron formada aparılmasına, eləcə də onlar haqqında məlumatların Səhiyyə Nazirliyindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən və icbari tibbi sığortanın tətbiq olunduğu digər xəstəxanalardan birbaşa izlənilməsinə imkan verəcək.
Xəstəxanaya yeni təcili tibbi yardım avtomobili verilib. Burada mərkəzi istilik sistemi quraşdırılıb. Tibb müəssisəsinin həyətində abadlıq işləri aparılıb.