“Fövqəladə hallarla bağlı davranış qaydaları”
Gəncə Tibb Kollecində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi bu tibb təhsili müəssisəsinin kollektivi üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tələbələrə və müəllimlərə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması məqsədi daşıyan toplantıda çıxış edənlər təbii fəlakətlər zamanı hərəkət qaydaları, zəlzələ zamanı davranış, “112” qaynar telefon xəttinin rolu, yanğın təhlükəsizlik qaydaları mövzularında mühazirələr oxuyub, əyani vasitələrin köməyi ilə tələbələri maarifləndiriblər.
Tədbirdə dəm qazından zəhərlənmə, yanğınlar, zəlzələ və digər fövqəladə hallar zamanı odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid slaydlar, videoçarxlar nümayiş olunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.