Lənkəranda oftalmoloqların VI regional konfransı
Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi (MOM) və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Lənkəranda “Azərbaycan regionlarında oftalmoloqların təcrübəsində innovasiya texnologiyaları” mövzusunda VI regional konfrans keçirilib.
MOM Masallı filialının 10-cu ildönümünə həsr olunmuş tədbirin iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Oftalmologiya sahəsində baş verən yenilikləri, qazanılan nailiyyətləri araşdırmaq, regionlarda həkimlərin bu yeniliklərdən istifadəsini dəstəkləmək məqsədilə təşkil olunan konfransda müxtəlif bölgələrdən 200 nəfərə qədər nümayəndə iştirak edib.
Tədbiri açan Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov MOM Masallı filialının kollektivini yubiley münasibətilə təbrik edib, uğurlar arzulayıb. Dövlət başçısının əsas diqqət yetirdiyi sahələrdən birinin məhz səhiyyə olduğunu bildirən E.Qasımov Azərbaycan səhiyyəsində, o cümlədən oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıldığını qeyd edib. Ölkəmizə dəvət olunan yüksək peşəkar xarici oftalmoloqlarla müzakirələrdə də, regionlarda keçirilən konfranslarda da əsas vəzifənin oftalmologiyanın beynəlxalq standartlar səviyyəsinə çatdırılması olduğunu söyləyib. Bölgələrdə MOM-nin yeni filiallarının açılmasını qarşıda duran ümdə vəzifələrdən biri adlandıran natiq Şəki şəhərində yeni filial üçün binanın tikintisinə başlandığını deyib. O, rəhbərlik etdiyi mərkəzin regionlarda səyyar xidmət göstərdiyini, bu ildən burada keratoplastika əməliyyatlarının da aparıldığını vurğulayıb. Milli Oftalmologiya Mərkəzinin bazasında yaradılmış və ən müasir zəruri avadanlıqlarla təchiz edilmiş Səyyar dəmir yol klinikasının bu il öz fəaliyyətini məhz bu bölgədən başladığını diqqətə çatdırıb.
Tədbirdə Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 10 il ərzində keçdiyi yoldan söz açılıb, qeyd edilib ki, ən son texnoloji avadanlıqla təchiz olunmuş filialda təcrübəli, xaricdə ixtisasartırma kursları keçmiş həkim-oftalmoloqlar göz xəstəliklərinin müayinə və müalicəsi ilə məşğul olurlar. Bu müddətdə bu tibb müəssisəsinə 76 mindən çox müraciət olub, 12 mindən artıq xəstə üzərində əməliyyat aparılıb. Bu göstərici cənub regionu üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, orada yaşayan insanlar artıq göz xəstəlikləri ilə bağlı digər ölkələrə getmirlər.
Konfransda müasir oftalmologiyanın aktual məsələləri ilə bağlı 21 məruzə dinlənilib, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin müxtəlif bölgələrdə oftalmoloji yardımın təşkili üzrə fəaliyyəti, buynuz qişa xoralarının cərrahi müalicəsi, qlaukomanın lazer müalicəsi, uşaq və yeniyetmələrdə miopiyanın proqressivləşməsində atropinin effektivliyi və digər mövzularda müzakirələr aparılıb.
Tədbirdə MOM Masallı filialının əməkdaşlarından bir qrupuna fəxri fərmanlar və yubiley medalları təqdim olunub.