Həkimləri Təkmilləşdirmə İnstitutu: yeni dərs ilinin yenilikləri

Həkimləri Təkmilləşdirmə İnstitutu: yeni dərs ilinin yenilikləri

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) 2018/2019-cu tədris ilində bir sıra yeniliklər tətbiq ediləcək. Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş yeni təqvim planına müasir informasiya texnologiyalarına əsaslanan ixtisasartırma kursları daxil edilib.
Yeniliklərdən ən başlıcası odur ki, səhiyyə nazirinin əmrinə uyğun olaraq, səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesini beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədilə bu tədris ilindən tam davamlı tibbi təhsil sisteminə keçilir. Həmin sistemə keçid dövrü üçün institutun Sinir xəstəlikləri, Anesteziologiya və reanimatologiya, Mikrobiologiya və epidemiologiya, Otorinolarinqologiya və Kardiologiya kafedralarında ixtisasartırma kurslarının təşkili və proqramların hazırlanması, həmçinin sertifikasiyadan keçmək üçün sənədlərin qəbulu pilot layihəsi üzrə aparılıb. Bu layihə özünü tam doğrultduğuna görə 2018/2019-cu tədris ilindən institutun bütün kafedraları həmin sistemlə işləyəcək.
Tətbiq edilmiş “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair Qaydalar”a əsasən, davamlı tibbi təhsil ali tibb təhsilini təsdiq edən sənəd alınan gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrünü əhatə edir. Davamlı tibbi təhsilin zəruri miqdarının hesablanması ixtisasartırma kurslarında və toplanma sistemi metodu ilə yığılan kreditlər vasitəsilə həyata keçirilir.
ADHTİ-nin müvafiq ixtisaslar üzrə təhsil proqramlarının modulları əsasında 2 həftəlik ixtisasartırma kursları əyani və distant (məsafədən) formada təşkil edilir.
Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə qeydiyyata alınmış davamlı tibbi təhsil üzrə tədris və ya elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil davamlı tibb təhsili fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir. Sertifikasiya dövrü ərzində həkim hər il orta hesabla 48 kredit olmaqla, minimum 240 kredit toplamalıdır. Davamlı tibb təhsili kreditlərinin hesablanması təsdiq olunmuş xüsusi cədvələ əsasən aparılacaq. Sertifikasiya dövründə davamlı tibb təhsilinin minimal zəruri miqdarının toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün mütləq şərtdir. İxtisasartırma kurslarından istifadə olunduqda ixtisas üzrə təhsil proqramının bütün modullarını bir və ya bir neçə ixtisasartırma kursu ilə keçərək 240 kredit toplaması həkimin sertifikasiya prosesinə buraxılması üçün kifayət edəcək.
Bu tədris ilində də tədris prosesində modul sistemindən istifadə olunacaq, iş yerində ixtisaslaşma keçmək istəyən həkimlər üçün şərait yaradılacaq. Belə arzusu olan həkimlərin çalışdıqları müəssisə rəhbərləri məktubla institut rəhbərliyinə müraciət etməlidirlər. Kurslara qəbulun optimallaşdırılması instituta müraciət edən müdavimlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova