Akademik Böyükkişi Ağayevin 90 illiyi qeyd olunub
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında tanınmış cərrah, alim və pedaqoq, akademik Böyükkişi Ağayevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfransdan öncə tədbir iştirakçıları akademik B.Ağayevin məzarını ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli akademik B.Ağayevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. O qeyd edib ki, Böyükkişi Ağayev 400-dən çox elmi əsərin müəllifidir. O, 1973-cü ildən ömrünün sonlarına qədər Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasına rəhbərlik edib. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir, 1989-cu ildə isə həqiqi üzvü seçilib.
Konfransda çıxış edən Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Rəhim Əliyevin sözlərinə görə, akademik B.Ağayevin adı liderliklə sinonimdir: “Əgər böyük bir insan həm də sadə insandırsa, o, əvvəlki böyüklüyündən də böyükdür. Böyükkişi Ağayev məhz belə bir insan kimi yaddaşlarımızda qalıb”. Rəhim Əliyev vurğulayıb ki, B.Ağayevin Azərbaycan tibb elminin inkişafına verdiyi töhfələr ölçüyə sığmır.
Toplantıda digər çıxış edənlər də akademik Böyükkişi Ağayevin elmi-pedaqoji fəaliyyəti, tibb sahəsində göstərdiyi müstəsna xidmətlər haqqında danışıb, xatirələrini bölüşüblər.