Səhiyyə Nazirliyində icbari tibbi sığortanın tətbiqi müzakirə olundu
Səhiyyə naziri Oqtay Şirəliyev İcbari Tibbi Sığorta Agentliyinin və McKinsey şirkətinin nümayəndələri ilə görüş keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda dövlət başçısının tapşırığına əsasən ölkəmizin səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqi məsələləri, bununla əlaqədar həyata keçiriləcək islahatlar, səhiyyənin maliyyələşdirilməsi imkanları, gələn il üçün qarşıda duran əsas vəzifələr müzakirə olunub.
İclasda həmçinin icbari tibbi sığortanın bütövlükdə ölkə üzrə tətbiqinə dair hazırlanacaq strateji yol xəritəsi ilə bağlı ətraflı müzakirələr aparılıb.
Fikir mübadiləsi zamanı icbari tibbi sığortanın tətbiqi istiqamətində Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta Agentliyinin və McKinsey şirkətinin nümayəndələrinin birgə əməkdaşlığının vacibliyi xüsusi qeyd olunub.