Bir əsrdən 9 gün az ömür

Bir əsrdən 9 gün az ömür
Əminə xanım Nuriyevanın əziz xatirəsinə

Yanvar ayının 6-da illərlə çiyin-çiyinə işlədiyim Əminə xanım Nuriyevanın dünyasını dəyişməsi barədə xəbər onu tanıyanların hamısı kimi, məni də həddən artıq kədərləndirdi. İşlədiyim V.Axundov adına Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun kollektivi də bu xəbəri böyük ürək ağrısı ilə qarşıladı.
Əminə xanım uzun müddət institutumuzda işləmişdi, kollektivimizin böyük hörmətini qazanmışdı. Azərbaycan Tibb İnstitutunu bitirən və sonralar tibb elmləri namizədi alimlik dərəcəsi alan Əminə xanım institutumuzun İstehsalat şöbəsində “Bakterioloji nəzarət” laboratoriyasına rəhbərlik etmişdi. Səhiyyə üçün çox vacib olan qamma-qlobulin istehsalına nəzarət də Əminə xanımın laboratoriyasına tapşırılmışdı.
Birgə işlədiyimiz müddətdə Ə.Nuriyeva özünü bakteriologiya sahəsində savadlı və təcrübəli bir mütəxəssis kimi göstərmişdi. O dövrdə şöbədə çox ciddi işlər gedirdi və biz hamımız Əminə xanımdan çox şeylər öyrənirdik. O öz işinə çox məsuliyyətlə yanaşan, elmi-təcrübi işlərin yerinə yetirilməsinə ciddi münasibət bəsləyən bir insan idi. Onun köməkliyi ilə bakteriologiya sahəsində xeyli sayda mütəxəssislər hazırlanmışdı.
Bir əsrdən 9 gün az ömür
Öz fəaliyyəti ilə hamımız üçün örnək olan Əminə xanım elmi-təcrübi işlərlə yanaşı, bu işlərin nəticələrinin nəşr olunması barədə də fikirləşir, elmi məqalələrin yazılmasına və çap olunmasına çalışırdı.
Əminə xanım əməkdaşlarımıza, xüsusilə gənclərə qarşı çox diqqətli idi, onlara nümunə olmağa çalışırdı. O, mehribanlığı, eyni zamanda, işə ciddi münasibəti ilə hər zaman seçilirdi. Onu yalnız Bakı şəhərində deyil, dəfələrlə ezamiyyətə getdiyi rayonlarımızda da yaxşı tanıyırdılar.
İnstitutumuzun ictimai işlərində də fəal iştirak edən Əminə xanım partiya təşkilatçısı kimi bir çox işlər görürdü, hər kəsin problemi ilə maraqlanar, dərdinə qalmağa çalışardı.
Bütün ciddiliyi ilə yanaşı, Əminə xanım mənim üçün hər dərdimi bölüşə biləcəyim yaxın dost, yaxşı həmsöhbət, təvazökar bir insan idi. Onun duzlu-məzəli söhbətləri, yumor dolu zarafatları, hazırcavablığı heç yadımdan çıxmaz.
İşimizlə əlaqədar bəzən Moskva şəhərindən institutumuza nümayəndə heyətləri gəlirdi. Xatırlayıram ki, Əminə xanım öz təşkilatçılığı ilə qonaqpərvərliyimizi göstərməyə çalışır, hər birimizə tapşırıqlar verir, hər işə nəzarət edirdi. O, milli mətbəximizə aid ləziz yeməklər bişirməyi də bacarırdı, həmişə bizi hazırladığı yeməklərə, şirniyyata qonaq edərdi.
Mən Əminə xanımla son günlərə kimi daim əlaqə saxlayır, hal-əhval tuturdum. Tez-tez telefonla danışır, onunla birgə keçirdiyimiz günləri yada salırdıq. Bir əsrlik yubileyinə cəmi 9 gün qalmış dünyasını dəyişən Əminə xanımın yoxluğuna mən hələ də inana bilmirəm. Onun parlaq xatirəsi yaddaşımda uzun illər qalacaq, çünki Əminə xanım kimi insanların unudulması mümkün deyil!
Allah ona rəhmət eləsin! Qəbri nurla dolsun!

V.Axundov adına Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun böyük elmi işçisi L.İSAYEVA







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova