Yenidoğulmuşlarda xəstəliklərin profilaktikası üçün yeni skrininq layihə hazırlanır
Ölkəmizin pediatriya sistemində müxtəlif infeksion xəstəlikləri qabaqcadan aşkar etməyə və onlara qarşı preventiv tədbirlər görməyə imkan verən layihə üzərində iş gedir. Dövlət vəsaiti hesabına həyata keçiriləcək bu layihə sağlam genefondun yaranmasına, eləcə də uşaqlar arasında yarana biləcək problemlərin qarşısının əvvəlcədən alınmasına xidmət edəcək.
Bu barədə Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev məlumat verib. Onun sözlərinə görə, skrininq proqramının əsas hissəsini yenidoğulmuşlar üzərində aparılacaq topuq-daban testi təşkil edəcək. Yeni üsulla irsi xəstəliklərin orqanizmdə geriyədönməz proseslərə çevrilməsinin qarşısını almaq mümkün olacaq ki, bu da uşaqlar arasında xəstəlik və ölüm göstəricilərinin azaldılmasına öz təsirini göstərəcək.
Hər il ölkəmizdə təxminən 150 min uşaq dünyaya gəlir. Skrininq layihəsinin məqsədi bu körpələrin hər birindən alınmış nümunələrlə həmin testi aparmaqdır. Bu da doğuşayardım mərkəzində infeksion xəstəliklər sahəsində qabaqlayıcı tədbirlər görməyə kömək edəcək. Götürülən test nümunələrinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna göndərilməsi nəzərdə tutulur.
Baş pediatrın sözlərinə görə, yaşlılardan fərqli olaraq, yenidoğulmuşların topuq-daban nahiyəsindən qan götürmək mümkündür. Həmin nahiyə bədənin ən periferik hissəsidir və yoluxma təhlükəsi minimum səviyyədədir.
Professor onu da bildirib ki, ölkəmizdə artıq iki ildir ki, anadangəlmə ürək qüsurlarının skrininqi tətbiq edilir. İnfeksion xəstəliklərlə əlaqədar yeni pilot layihənin isə əvvəlcə paytaxtın bir neçə doğuşayardım mərkəzində həyata keçiriləcəyi, sonra isə ölkə miqyasında tətbiq olunacağı gözlənilir.