Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verildi
![Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verildi](/uploads/posts/2018-07/1530868655_1528986142_narkoloji.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yeni inşa edilmiş Respublika Narkoloji Mərkəzinin açılışı olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 300 çarpayılıq dördkorpuslu müəssisə Bakının Sabunçu rayonunda yerləşir.
Respublika Narkoloji Mərkəzinin tikintisinə 2012-ci ildə başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. 1,9 hektar ərazidə inşa olunan Mərkəz ən yüksək standartlara cavab verən tibbi avadanlıq və lazımi dərman preparatları ilə tam təmin və təchiz edilib.
İxtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərəcək Respublika Narkoloji Mərkəzi müalicə-profilaktika müəssisəsi olmaqla yanaşı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə ölkə ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirən müəssisədir.
Mərkəzdə xidmətlər könüllülük prinsipi əsasında həyata keçirilir. Burada 18 yaşından yuxarı, ehtiyacı olan hər bir şəxs yüksək səviyyədə müalicə ala biləcək.
Tibb ocağının birinci korpusunda fəaliyyət göstərəcək konsultativ poliklinika, şüa-diaqnostika, qəbul, əvəzedici müalicə şöbələri, inzibati şöbə, stomatologiya, kardiologiya, rentgen, EEG və s. kabinetləri qabaqcıl texnologiya və avadanlıqlarla təmin olunub.
Yeni binada bir sıra tədbirlərin təşkili üçün 100 yerlik akt zalı, geniş və işıqlı mətbəx, dizel generator stansiyası, istirahət guşəsi, mərkəzləşdirilmiş qazanxana müalicə işinin effektiv olmasına şərait yaradacaq.
Mərkəzin ikinci korpusunda reabilitasiya, intensiv terapiya və qadın stasionar şöbələri fəaliyyət göstərir. Ümumilikdə, müəssisədə dördü kişi, biri qadınlar üçün nəzərdə tutulan beş stasionar şöbə mövcuddur.
Xəstələrə psixoloji yardım göstərilməsi məqsədilə psixoterapiya kabineti də yaradılıb. Burada müalicənin effektivliyinin artırılması üçün müalicə alan şəxslərlə psixoloq və həkim-psixoterapevt tərəfindən fərdi və qrup şəklində söhbətlər aparılacaq.
Respublika Narkoloji Mərkəzi narkoloji xidmət sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində müvafiq işlər görür.