Sudeyif İmamverdiyev – 80
Uroloq və androloqların XII konqresi alimin yubileyinə həsr olunub
O, 56 ildir ki, uroloq-cərrah kimi xalqımızın sağlamlığı keşiyində dayanıb. Yarım əsrdən artıqdır ki, həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Professor Sudeyif İmamverdiyevin rəhbərliyi ilə indiyədək 20 namizədlik, 5 doktorluq dissertasiyası müdafiə edilib. Görkəmli uroloq 13 ixtira və səmərələşdirici təklifin, 4 dərslik, 10 monoqrafiya, 5 metodik və 6 dərs vəsaitinin müəllifidir. Ölkəmizdə uro-onkologiyada yeni istiqamət olan limfoqrafiya müayinəsinin ilk dəfə aparılması onun adı ilə bağlıdır. Professor ötən əsrin 70-ci illərindən başlayaraq böyrək daşı xəstəliklərinin müalicəsində, habelə uro-ginekologiyada tətbiq olunan bir sıra təklif və yeni müalicə metodlarının müəllifi kimi də tanınır.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Sudeyif İmamverdiyevin 80 illik yubileyinə həsr olunan tədbirdə – Azərbaycan uroloq və androloqlarının XII konqresində danışılıb.
Toplantını giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Avropa Uroloqlar Assosiasiyasının həqiqi üzvü olan, fitri istedada malik cərrah-həkimin keçdiyi həyat yolundan, andrologiya sahəsinə gətirdiyi yeniliklərdən, tətbiq etdiyi yeni əməliyyatlardan, nefroptozun, prostat vəzinin xoşxassəli hiperplaziyasının cərrahi müalicəsində qazandığı uğurlardan danışıb. Qeyd olunub ki, professor Sudeyif İmamverdiyev Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının fəxri sədri, Uroloqlar Assosiasiyasının rəhbəri, Respublika Ağsaqqallar Şurasının sədr müavinidir.
Konqresdə səhiyyə naziri Oqtay Şirəliyevin yubilyara təbriki səsləndirilib.
Bakı şəhər Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva, Türk Uroloji Dərnəyinin sədri, professor Ateş Kadıoğlu, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov və başqaları çıxış edərək, həkim-cərraha təbriklərini və arzularını çatdırıblar. Tanınmış cərrah-uroloq Türk Uroloji Dərnəyinə fəxri üzv qəbul olunub.
Professor Sudeyif İmamverdiyev əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə, onun zəhmətini yüksək qiymətləndirən həmkarlarına və konqres iştirakçılarına təşəkkürünü bildirib.
Sonra görkəmli uroloqun həyat yolundan bəhs edən “İnsanlığın sağlamlığı keşiyində duran ömür" filmi nümayiş olunub.
Konqresdə iştirak edən türkiyəli professorlar Ateş Kadıoğlu, İhsan Karaman, Kamal Sarıca, Selam Albayrak, Yunanıstandan gələn professor Nikolas Sofikitis, amerikalı professor Ervin Kocjancic, Ukrayna Androloqlar Cəmiyyətinin sədri Nikolay Boyko, Rusiyadan gələn professorlar Svetlana Kaliniçenko, Səfər Həmidov, Bəhman Quliyev və başqaları ayrı-ayrı uroloji problemlər, onların müalicə üsulları, cərrahi əməliyyatlarda tətbiq edilən ən müasir metodlar barədə məruzələrlə çıxış ediblər.