IV Azərbaycan – Alman – Türk Tibb Konqresində təbabətin aktual problemləri müzakirə edilib

IV Azərbaycan – Alman – Türk Tibb Konqresində təbabətin aktual problemləri müzakirə edilib

Bakıda cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə IV Azərbaycan – Alman – Türk Konqresi keçirilib.
Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konqresin işində Azərbaycan, Almaniya, İsveçrə, Avstriya, Türkiyə, Rusiya, Özbəkistan və Ukraynanın müxtəlif universitet klinikalarında çalışan 30 nəfərə yaxın professor ekspert və referent qismində iştirak edib.
Tədbirdə çıxış edən Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, Azərbaycan – Alman – Türk Tibb Konqresinin Azərbaycan tərəfindən prezidenti, professor Qurbanxan Müslümov bildirib ki, Bakıda artıq dördüncü dəfə təşkil edilən bu forum ümumi və laparoskopik cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya, reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunub. Konqres Avropa mərkəzləri tərəfindən Davamlı Tibb Təhsili verən beynəlxalq tədbir kimi tanınıb və bu il region ölkələrində ilk dəfə 30 CME kredit balı ilə qiymətləndirilib. Həmçinin bu il Konqres və təlimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də akkreditasiya olunaraq 34 Davamlı Tibb Təhsili balı ilə qiymətləndirilib. “Ötən illərdə olduğu kimi, bu il də maraqlı diskussiyalar və çıxışlarla yanaşı, azərbaycanlı, alman və türk mütəxəssisləri tərəfindən laparoskopik və açıq cərrahiyyə, endoskopiya və radiologiya üzrə treninqlər keçirildi. Söz yox ki, bu da mütəxəssis hazırlığı baxımından xüsusi əhəmiyyət kəsb edir. Konqresə 600-dən çox həkim iştirakçı qismində qatılıb, 200-dən çox həkim və rezident treninqlərdə iştirak etmək üçün qeydiyyatdan keçib. Konqres zamanı dünya səviyyəli alimlərin tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələri dinlənilib, ağır kliniki halların müzakirəsi keçirilib, aktual problemlər ətrafında diskussiyalar aparılıb. Azərbaycanlı mütəxəssislərin Avropadan və Türkiyədən gəlmiş yüksəkixtisaslı mütəxəssislərlə canlı bilik və təcrübə mübadiləsi baş tutub”, - deyə Q.Müslümov bildirib.
Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin onkologiya üzrə baş mütəxəssisi Azad Kərimli çıxışında deyib ki, son illər Azərbaycanın iqtisadi tərəqqisi, iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması sahəsindəki problemlərin sabit həllinə şərait yaradıb. Dövlət rəhbərliyi tərəfindən müəyyən edilmiş uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişaf etdirilməsi və əhalinin dünya standartlarına cavab verən tibbi yardımla təmin olunması üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Vurğulanıb ki, Azərbaycanda səhiyyənin inkişafında Türkiyə və Almaniyanın tibb mərkəzləri ilə əməkdaşlığın böyük rolu var.
Baş onkoloq konqresin ilk gününün böyük azərbaycanlı alim-cərrah, akademik Böyükkişi Ağayevin əziz xatirəsinə və anadan olmasının 90 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycanda cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan alimin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açıb. Ölkəmizdə tibb elminin yeni biliklərlə zənginləşdirilməsi və tədrisində akademik Böyükkişi Ağayevin xüsusi rolu və əməyi vardır. Bildirilib ki, alim tibb sahəsində elmi məktəb yaradıb, bütün mənalı ömrünü tibb elminin inkişafına həsr edib.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab, İsveçrənin ölkəmizdəki səfirinin müavini Simon Haeberli, kongresin Almaniya və Turkiyə tərəfindən prezidentləri Mikael Gebel və Fatih Can, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva və digərləri çıxış edərək, konqresin işinə uğurlar arzulayıblar, mütəxəssis hazırlığı və təcrübə mübadiləsi baxımından bu beynəlxalq tədbirin faydalı olacağını bildiriblər. Diqqətə çatdırılıb ki, konqres həmçinin ölkələrimiz və xalqlarımız arasında mədəni və sosial əlaqələrin dərinləşməsinə də töhfə verəcək. Vurğulanıb ki, konqres təkcə Azərbaycan üçün deyil, ümumilikdə Avropada tibbin inkişafı, tibbi biliklərin mübadiləsi və yeni istiqamətlərin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Konqreslə eyni zamanda beynəlxalq statuslu III Bakı Beynəlxalq Tibbi Təlim Günləri də keçirilib. Bu tədbir çərçivəsində tələbə, rezident və həkimlər üçün 12 ixtisas üzrə (laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, urologiya, ginekologiya, histeroskopiya, kardiopulmonar reanimasiya, EKQ kursu, tibb bacıları üçün tibbi vərdişlər kursu və s.) Avropada tanınmış Davos Tibb Kursları və digər proqramlar əsasında beynəlxalq səviyyəli təlimlər təşkil edilib. Təlimlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə olunmaqla, ən müasir tibbi modellər üzərində aparılıb.
Konqres və təlimlərdə iştirak edənlərə beynəlxalq səviyyəli sertifikatlar verilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova