“Qeyri-infeksion xəstəliklər və qlobal psixi sağlamlıq”

Bakıda bu mövzuda simpozium keçirilib
Bakıda “Qeyri-infeksion xəstəliklər və qlobal psixi sağlamlıq” mövzusunda ikigünlük simpoziumun ilk günü Milli Psixi Sağlamlıq Mərkəzində, ikinci günü isə Azərbaycan Tibb Universitetində (ATU) keçirilib.
Toplantıda çıxış edən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev tədbirin əhəmiyyətindən danışıb. Simpoziumun əhatə etdiyi mövzuların dünyanın hər yerində aktual olduğunu vurğulayan natiq bu sahədə maarifləndirmə işlərinin əhəmiyyətini qeyd edib.
Harvard Tibb Məktəbinin mərkəzinin direktoru, professor Kerim Munir simpoziumun işinə uğurlar arzulayıb. Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, professor Nadir İsmayilov, ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, psixiatr İkram Rüstəmov belə bir mötəbər toplantının Azərbaycanda keçirilməsini ölkəmizdə səhiyyə sahəsinin inkişafının göstəricisi kimi qiymətləndiriblər.
Tədbir mövzu ətrafında aktual elmi məruzələrlə davam etdirilib. “Autizm xəstəlikləri və əqli xəstəliklərə qulluq topoqrafiyası: xərclər, iş yükü və həyat keyfiyyəti”, “Uşaq və yeniyetmə psixiatriyasının qlobal problemləri üzrə Dünya Psixiatriya Assosiasiyasının uşaq və yeniyetmə psixiatriyası ilə bağlı proqnozları”, “Autizm xəstəliklərinin aşkarlanmasında mədəniyyətlərarası təcrübələr”, “Azərbaycanda uşaq və yeniyetmə psixiatriyası üzrə təlimlərin vəziyyəti”, “Uşaqlıq dövrünün depressiv və somatik pozuntuları” kimi bir sıra maraqlı mövzularda çıxışlar dinlənib, müzakirələr olunub.
Xəbəri paylaş