Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyasının “AZDAS – 2018” konfransı
![Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyasının “AZDAS – 2018” konfransı](/uploads/posts/2018-03/1519979027_azdas-1.jpg)
Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyasının (AZDAS) təşkilatçılığı, Səhiyyə Nazirliyinin dəstəyi ilə “AZDAS-2018” konfransı keçirilib.
Bu sahənin alim və mütəxəssislərinin, epidemioloqların, infeksionistlərın, ölkəmizin aparıcı müalicə müəssisələri rəhbərlərinin iştirak etdiyi tədbirdə Səhiyyə Nazirliyinin epidemiologiya üzrə baş mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev, AZDAS Assosiasiyasının idarə heyətinin üzvü, Mərkəzi Klinik Xəstəxananın (MKX) həkim-epidemioloqu, MKX-nin Dezinfeksiya nəzarəti komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru Yaqut Qarayeva çıxış ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikintisi, mövcud tibb müəssisələrinin yenidən qurulması geniş vüsət alıb. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün səhiyyənin ayrı-ayrı sahələrində dövlət proqramlarının rolu vurğulanıb. Son dövrlərdə səhiyyə sisteminin idarə edilməsinin təkmilləşdirilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsi, yeni tibb texnologiyalarının tətbiqi, əsaslı kadr islahatları və s. məsələlərdən söz açılıb.
Çıxış edənlər Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyasının yaradılmasının məqsədləri barədə məlumat verərək bildiriblər ki, bu qurumun təşkilində əsas hədəf xəstəxanalarda sanitar-gigiyena rejiminə riayət olunmasına nəzarəti təmin etməkdir.
Qeyd edilib ki, xəstəxanadaxili infeksiyalara qarşı mübarizə sahəsində qazanılmış uğurlara baxmayaraq, dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda da xəstəxana sterilizasiyası sahəsində vəziyyət səhiyyənin aktual problemlərindən biri kimi qalır. Vurğulanıb ki, xəstəxanadaxili infeksiyalara qarşı mübarizə sahəsində profilaktik və epidemiya əleyhinə tədbirlər dünya praktikasında bu sahədə qəbul edilmiş sanitar qaydalara və normativlərə müvafiq şəkildə həyata keçirilir. Diqqətə çatdırılıb ki, Azərbaycanda xəstəxanadaxili infeksiyaların miqyası epidemioloji hədləri aşmır, xəstəxanalarda hər gün dezinfeksiya işləri aparılır.
Xəstəxana sterilizasiyası sahəsində dünyada aparıcı təşkilat olan Beynəlxalq Elm Federasiyasının fəxri prezidenti Villi Renders, bu təşkilatın vitse-prezidenti və Türkiyə Dezinfeksiya, Antiseptika və Sterilizasiya Dərnəyinin rəhbəri, Kayseri şəhərindəki Erziyes Universitetinin Klinik mikrobiologiya kafedrasının professoru Duyğu Perçin, Fransanın “Anios Laboratories” şirkətinin regional meneceri Esra Pehlivan və başqalarının konfransda çıxışları böyük maraqla qarşılanıb.
Tədbirin sonunda Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyasının yaradılmasının məqsədləri barədə maarifləndirici sosial reklam çarxı nümayiş etdirilib.
Konfransın növbəti günündə Milli Onkologiya Mərkəzində xəstəxanadaxili infeksiyalara nəzarətin müasir metodları mövzusunda seminar keçirilib.