Milli Məclisdə vərəm üzrə dinləmələr keçirildi

Milli Məclisdə vərəm üzrə dinləmələr keçirildi

Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitənin təşkilatçılığı ilə “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” mövzusunda dinləmələr olub.
Milli Məclisin Mətbuat xidmətindən verilən məlumata görə, toplantıda komitənin sədri Əhliman Əmiraslanov tədbirin keçirilməsinə verdiyi dəstəyə görə parlamentin rəhbərliyinə təşəkkürünü bildirib və diqqətə çatdırıb ki, vərəm xəstəliyi müalicə olunmadıqda əlillik və ölümlə nəticələndiyi üçün bir sosial bəla kimi həm dövlətin, həm də bütövlükdə cəmiyyətin problemi hesab olunur.
Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən, dünyada il ərzində 9 milyondan artıq insan bu xəstəliyə tutulur və 1,8 milyon insan həmin xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm xəstəliyi dünya səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir vərəm xəstəsi bir ildə 10-15 insanda bu xəstəliyin yaranmasına səbəb olur. Hesablamalara görə, vərəm dünya üzrə ən çox ölümə səbəb olan 10 xəstəlikdən biridir. 2015-ci ildə yer üzündə 10,4 milyon insan vərəm xəstəliyinə tutulub, 1 milyon uşaq vərəmə yoluxub, 210 min uşaq vərəmdən dünyasını dəyişib. Vərəm dünyanın bütün bölgələrində yayılsa da, ölüm hallarının çoxu Asiyanın və Afrikanın payına düşür. 2000-2015-ci illər ərzində dünyada 49 milyon insan vərəmdən müalicə alıb və onların həyatı xilas edilib. Lakin aşkarlanma və müalicə sahəsində hələ də xeyli problemlər var. Azərbaycanda isə son 5 ildə xəstəliyə yoluxmanın dinamikasında müsbət dəyişikliklər – azalma müşahidə olunur. Penitensiar sistemdə 1993-cü illə müqayisədə ölüm halları 105 dəfə azalıb.
Son illərdə dünya üzrə vərəm epidemiyasının stabilləşməsi meyilləri müşahidə edilməkdədir. Bununla belə, vərəmin mövcud dərman preparatlarına davamlı olan yeni forması yayılmağa başlayıb. 93 ölkədə bu forma qeydə alınıb. Vərəmin bu forması daha çətin və uzunmüddətli müalicə tələb edir.
Dinləmələrdə məruzə ilə çıxış edən komitə üzvləri Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı Azərbaycanda vərəmlə mübarizə sahəsində görülən işlər, qəbul edilən sənədlər və qarşıda dayanan vəzifələr barədə məlumat veriblər. Bu xəstəliyin kökünün kəsilməsi üçün bölgələrdə maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb.
İclasda çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı dinləmələri yüksək qiymətləndiriblər. Qeyd olunub ki, bu xəstəliyin qarşısının alınması onun nəticələrini aradan qaldırmaqdan asandır. Bunun üçün təkcə həkimlər yox, vətəndaşlar özləri də diqqətli olmalıdırlar. Təklif olunub ki, nikaha daxil olan vətəndaşlardan müayinəsi tələb olunan xəstəliklərin siyahısına vərəm də əlavə olunsun.
Dinləmələrdə çıxış edən deputatlar Musa Quliyev, Qənirə Paşayeva, Rəşad Mahmudov, Kamilə Əliyeva, Səhiyyə Nazirliyinin nümayəndələri – Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova və Bakı şəhər Baş Səhiyyə İdarəsinin ftiziatriya üzrə baş mütəxəssisi, 1 nömrəli Vərəm Əleyhinə Dispanserin baş həkimi Yavər Şıxəliyev, eləcə də Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev vərəmlə mübarizə barədə fikirlərini bildirib, qeyd və təkliflərini veriblər. Çıxışlarda Azərbaycanda vərəm xəstəliyi ilə bağlı qeydiyyatdan yayınmaya görə məsuliyyətin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmadan müalicə etməməlidirlər.
Dinləmələrə yekun vuran Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov aparılan müzakirələri yüksək qiymətləndirib və bildirib ki, komitə bununla bağlı qanunvericiliyə dair veriləcək təklifləri müzakirə etməyə hazırdır.
Sonra iclasda “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Məsələ barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdir müavini Mehdi Qurbanov bildirib ki, təklif olunan dəyişikliklər ölkə Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən hazırlanıb və müvafiq qanunvericiliyin daha da təkmilləşdirilməsinə xidmət edir.
Millət vəkilləri “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna təklif olunan dəyişiklikləri yüksək qiymətləndirərək, layihəni Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova