Mövsümi xəstəliklərin statistikası açıqlanıb
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində mövsümi xəstəliklər mövzusunda brifinq keçirilib.
Tədbirdə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin terapiya üzrə baş mütəxəssisi Rəhilə Əliyeva çıxış edərək, payız-qış dövründə kəskin respirator infeksiyaları və qrip hallarının sürətlə artmasını bildirib. Qeyd edib ki, bu xəstəliklərin yaranmasına səbəb virus və bakteriyalardır. Onun sözlərinə görə, risk qrupuna əsasən tənəffüs yollarında xroniki xəstəlikləri olan insanlar daxildir.
“Kəskin respirator xəstəliklər tənəffüs yollarının “soyuqdəymə” simptomları ilə müşayiət olunan istənilən infeksiyalı xəstəliklərini özündə birləşdirir. Buraya faringit, laringit, traxeit və s. daxildir. Zökəm, öskürək və digər soyuqdəymə hallarının əmələgəlmə səbəbləri aşkarlanmadıqda, həkim tərəfindən “kəskin respirator xəstəlik” diaqnozu qoyulur. Bu xəstəliklər qrupu həm viruslu infeksiyaları, həm də burun-udlaq infeksiyalarının xroniki ağırlaşmasını özündə birləşdirir. Qrip hallarında olduqca yüksək hərarət müşahidə olunur, soyuqdəymənin yüksək hərarətlə müşayiət olunmasına isə nadir hallarda rast gəlinir. Mövsümi xəstəliklərə yoluxmamaqdan ötrü soyuq havada uzun müddət qalmamaq və tərkibində çoxlu vitaminlər olan qidalar qəbul etmək vacibdir. Həmçinin aktiv həyat tərzi keçirmək, insanların daha sıx olduğu yerlərdən uzaq durmaq məsləhətdir”, - deyə R.Əliyeva vurğulayıb.
Bakı şəhərinin baş terapevti jurnalistlərə mövsümi xəstəliklərlə əlaqədar mərkəzə daxil olan müraciətlərin statistikasını təqdim edərək deyib: “Mövsümi xəstəliklərlə bağlı müraciətlər əsasən sentyabr-may aylarında olur. Bu dövrdə xüsusən ürək-damar sistemi, tənəffüs yolları, mədə-bağırsaq traktı, həmçinin dayaq-hərəkət sistemi xəstəlikləri ilə əlaqədar müraciətlər artır. Ötən ilin sentyabr-dekabr aylarında Kliniki Tibbi Mərkəzin iki terapevtik şöbəsinə 378 müraciət daxil olub. Həmin müddətdə xəstəxanaya müraciət etmiş 113 nəfərə stasionar müalicə təyin edilib. Bronxial astma, sətəlcəm, tənəffüs yollarının iltihabı və digər xəstəliklərlə də bağlı müraciətlər az olmayıb”.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.