Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib

Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib

Milli Məclisin səhiyyə komitəsinin 2018-ci ilin yaz sessiyasında keçirilən ilk iclasında komitə sədri Əhliman Əmiraslanov gündəliyə daxil olan məsələləri təqdim edib.
Milli Məclisin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə 2017-ci ilin payız sessiyası zamanı görülən işlər barədə məlumat verilib. Bildirilib ki, hesabat dövründə komitənin 4 iclası keçirilib, 6 məsələyə, o cümlədən 4 qanun layihəsinə baxılıb. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” məsələni xüsusi vurğulayan komitə sədri həmin sənəd ətrafında müzakirələrin çox maraqlı keçdiyini, komitə üzvlərinin bu müzakirələrdə fəal iştirak etdiklərini söyləyib. O, büdcədə səhiyyəyə ayrılan vəsaitin bu sahənin inkişafı və əhalinin sağlamlığının qorunması baxımından önəmli rol oynadığını bildirib.
Qeyd edilib ki, ötən sessiya müddətində komitəyə vətəndaşlardan 191 ərizə və şikayət daxil olub. Müraciətlər diqqətlə araşdırılıb və həll olunması üçün aidiyyətli qurumlara göndərilib. Payız sessiyasında komitə tərəfindən bir sıra tədbirlər həyata keçirilib, deputatlar müxtəlif mövzularda təşkil olunmuş konfranslarda iştirak ediblər. O cümlədən, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələnin gündəmdə olduğunu nəzərə alaraq, nümayəndə heyətimiz Türkiyəyə səfər edib, bu ölkənin təcrübəsi ilə yaxından tanış olub. 2017-ci ilin payız sessiyası ərzində komitənin fəaliyyəti qənaətbəxş hesab olunub.
İclasda Əhliman Əmiraslanov 2018-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planını təqdim edib. Diqqətə çatdırılıb ki, komitədə “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq. Habelə “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanun layihəsinə dəyişikliklərin edilməsi, “Unun icbari zənginləşdirilməsi haqqında”, “Optika və optikaçılıq haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanun layihələrinin hazırlanması ilə bağlı, eləcə də autizm xəstələrinə tibbi-sosial dəstəyin göstərilməsi mövzusunda dinləmələrin keçirilməsi planlaşdırılır.
Müzakirələrdə çıxış edən komitə üzvləri 2018-ci ilin yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə fikirlərini bildirib, bir sıra təkliflər veriblər.
Sonra “Dərman vasitələri haqqında” Qanuna ediləcək dəyişikliklər müzakirə olunub. Qeyd edilib ki, Qanunun əhaliyə dərman vasitələrinin buraxılmasına həsr olunmuş maddəsinə əlavə olunması nəzərdə tutulan yeni bəndə əsasən, on dörd yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan ediləcək.
Deputatlar təklif olunan dəyişikliyin məqsədəmüvafiq olduğunu söyləyiblər, qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova