Azərbaycan Beynəlxalq Hərbi Tibb Komitəsinin tamhüquqlu üzvü seçilib
Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilən Beynəlxalq Hərbi Tibb Komitəsinin 42-ci Ümumdünya Konqresində Azərbaycan Respublikası bu komitənin tamhüquqlu üzvü seçilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev Beynəlxalq Hərbi Tibb Komitəsində Azərbaycan Respublikasının milli nümayəndəliyinin rəhbəri təyin edilib.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə və Böyük Britaniyadan olan həmkarları ilə görüşləri keçirilib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1921-ci ildə Belçikada yaradılmış Beynəlxalq Hərbi Tibb Komitəsi Cenevrə Konvensiyalarının prinsiplərini daha dolğun yerinə yetirmək və hərbi tibb sahəsində elmi məlumat mübadiləsini təmin etmək məqsədilə təsis olunub. Hazırda 112 dövlətin üzv olduğu bu Komitənin əsas vəzifəsi hərbi tibb sahəsində texnoloji və elmi təcrübə mübadilələrini təşviq etməkdir.