Gənc mütəxəssislər İstanbul Universitetinin onlayn kurslarında iştirak ediblər
Azərbaycan Tibb Universiteti (ATU) ilə İstanbul Universiteti rəhbərliyi arasında əldə edilmiş razılığa əsasən rezidentlər və gənc həkimlər üçün mütəmadi onlayn kurslar təşkil olunur.
İstanbul Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin, ATU-nun Ümumi cərrahiyyə və I Cərrahi xəstəliklər kafedralarının təşkilatçılığı ilə keçirilən növbəti belə kurs Tədris Cərrahiyyə Klinikasında baş tutub. İki gün davam edən təlimdə Azərbaycanın gənc həkimləri və rezidentləri Türkiyənin tanınmış tibb alimlərinin onlayn mühazirələrini dinləyib, müxtəlif mövzularda suallar səsləndiriblər.
Kurs barəsində məlumat verən Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev bildirib ki, Beynəlxalq Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyəti həm Türkiyədə, həm də Avropada nüfuz qazanmış qurumdur. Həkimlərin təlimlərdə fəal iştirak etdiyini söyləyən E.Agayev həmçinin məlumat verib ki, gələn ilin yanvar ayında endoskopik-laparoskopik, yoğun və nazik bağırsaq əməliyyatları ilə bağlı onlayn kursların keçirilməsi də planlaşdırılır.