Professor Nəsib Quliyev Türkiyə Milli Pediatriya Dərnəyinin fəxri üzvü adına layiq görülüb
Türkiyənin Antalya şəhərində 61-ci Türkiyə Milli Pediatriya Konqresi keçirilib.
İki mindən çox tibb işçisinin qatıldığı tədbirdə ölkəmizi Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev, Azərbaycan Tibb Universitetinin (ATU) I Uşaq xəstəlikləri kafedrasının assistenti Nigar Sədiyeva və həkim-rezident Aygül Şahbazova təmsil ediblər.
Konqresin açılış mərasimində Türkiyə Respublikasının Baş nazirinin müavini, professor Recep Akdağ, Türkiyə Milli Pediatriya Dərnəyinin baş katibi professor Ənvər Həsənoğlu, Beynəlxalq Pediatriya Assosiasiyası Fondunun rəhbəri professor Errol Alden çıxış ediblər. Uşaq sağlamlığı və xəstəlikləri ilə bağlı aktual mövzuları, problemləri əhatə edən konqres çərçivəsində panel iclasları və kurslar da təşkil edilib.
N.Sədiyeva və A.Şahbazova “Diaqnozdan müalicəyə - uşaq infeksion xəstəlikləri” adlı kursda iştirak ediblər. Bununla yanaşı, onlar “Pnevmoniya diaqnozu ilə müalicə alan uşaqlarda anemiya” mövzusunda poster məruzə ediblər.
Professor N.Quliyev isə konqresdə uğurlu iştirakına görə Türkiyə Milli Pediatriya Dərnəyinin fəxri üzvü adına layiq görülüb.