Heydər Əliyev Fondu və “Caspian International Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Heydər Əliyev Fondu ilə “Caspian International Hospital” xəstəxanası arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, talassemiyalı xəstələrin Respublika Talassemiya Mərkəzində mümkün olmayan cərrahiyyə əməliyyatları, reanimasiya tədbirləri, bir çox müayinə və müalicəsi təmənnasız olaraq həmin xəstəxanada həyata keçiriləcək. Bu barədə Fonddan AZƏRTAC-a verilən məlumata görə, müqavilənin imzalanması Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrə geniş spektrdə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün həyata keçirilən tədbirlər planının bir hissəsidir.
Eyni zamanda, Heydər Əliyev Fondunun müxtəlif şəxsləri müayinə və müalicə üçün xarici ölkələrə göndərməsi zamanı müvafiq klinikalarla əlaqə yaradılmasında, sənədlərin toplanmasında kömək göstəriləcək. Müalicəsi “Caspian International Hospital” xəstəxanasında həyata keçirilən müraciətlərin ödənişsiz və ya xüsusi güzəştlərlə təmin olunması da nəzərdə tutulub.