“Açıq Hökumət Tərəfdaşlığı”
Səhiyyə Nazirliyində bu sahədə həyata keçirilən tədbirlər müzakirə edilib
Səhiyyə Nazirliyində “Açıq Hökumət Tərəfdaşlığı” çərçivəsində səhiyyə sistemində görülən işlərə həsr edilmiş tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazirlik aparatının, şöbə və bölmələrinin əməkdaşlarının iştirak etdiyi toplantıda qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən Səhiyyə Nazirliyinin də üzərinə müəyyən öhdəliklər düşür.
İclasda Fəaliyyət Planının icrası üzrə 2017-ci il üzrə görülmüş işlər və zəruri addımlar müzakirə edilib. Qeyd olunub ki, vətəndaşların sorğu və müraciətlərinin vaxtında və daha effektiv həll edilməsi məqsədi ilə mütəmadi olaraq işlər aparılır, Səhiyyə Nazirliyinin "9103" Qaynar Xətti və Elektron Səhiyyə Mərkəzi fəaliyyət göstərir.
Toplantıda qurumun şöbə və sektor rəhbərləri acıq hökumətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələlərinə dair Səhiyyə Nazirliyinin şöbələri üzrə görülmüş işlərdən danışıb, həmçinin qarşıdan gələn dövrdə rüblər üzrə nəzərdə tutulan tədbirləri müzakirə ediblər.
Sonda toplantı iştirakçılarına müvafiq göstəriş və tövsiyələr verilib, plandan irəli gələn bir sıra məsələlərin həlli barədə hesabat xarakterli məlumatların vaxtında toplanması tapşırılıb.
Qeyd edək ki, indiyə kimi Səhiyyə Nazirliyi sistemində elektron xidmətlər üzrə bir sıra işlər görülüb. Belə ki, Mərkəzləşmiş işəqəbul elektron xidmətinin proqram təminatı yeni qaydalara uyğun olaraq təzədən hazırlanıb və tətbiq edilib, sertifikasiya şəhadətnaməsinin gücləndirilmiş elektron imza ilə imzalanması və ərizəçiyə elektron formada göndərilməsi təmin olunub. Yeni elektron xidmət olan “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna elektron qeydiyyat”ın proqram təminatı hazırlanaraq tətbiq edilib. “Elektron xidmət növlərinin Siyahısı”nda göstərilən 38 elektron xidmətdən 35-i Səhiyyə Nazirliyi tərəfindən elektronlaşdırılıb. Bu xidmətlərin 33-ü “Elektron hökumət” portalına inteqrasiya edilib.