ÜST-nin qeyri-infeksion xəstəliklər üzrə yüksək səviyyəli komissiyası yaradılıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus qurumun qeyri-infeksion xəstəliklər üzrə yüksək səviyyəli qlobal komissiyasının yaradıldığını bəyan edib. O bu fikri ÜST-nin Şərqi Aralıq dənizi ölkələri üzrə Regional Komitəsinin Pakistanın İslamabad şəhərində keçirilən 64-cü sessiyasında bildirib.
Komissiyanın məqsədi dünyada ölüm hallarının əsas səbəbi olan qeyri-infeksion xəstəliklərlə mübarizənin innovativ yollarını axtarmaqdan, bununla da milyonlarla insanın ömrünü uzatmaqdan ibarətdir. Komissiya ürək-damar xəstəlikləri, xərçəng, diabet və respirator xəstəliklərə qarşı mübarizəyə, həmçinin psixi sağlamlığın pozulması, zorakılıq və travmatizm nəticəsində insanın üzərinə düşən əzab yükünün yüngülləşdirilməsinə yönəldilmiş davamlı siyasi proseslərə dəstək verəcək.
Yüksək səviyyəli qlobal komissiyanın sədri qeyri-infeksion xəstəliklərə qarşı mübarizə üzrə dünyada tanınan fəal, Pakistan hökumətinin keçmiş federal naziri, vətəndaş cəmiyyəti lideri, əvvəllər ÜST-nin uşaq piylənməsinin aradan qaldırılması üzrə komissiyasının həmsədri olmuş Saniya Niştar olacaq.
Hər il qeyri-infeksion xəstəliklər 40 milyona yaxın insan həyatına son qoyur ki, bu da bütün ölüm hallarının 70 faizini təşkil edir. Onlardan təxminən 15 milyonu 30-69 yaş arasında olan insanlardır. Aşağı və orta dərəcəli gəlirə malik ölkələr qeyri-infeksion xəstəliklər problemi ilə daha çox qarşılaşır: bu səbəbdən baş verən ölüm hallarının 80 faizi məhz həmin ölkələrin payına düşür. Zorakılıq və travmatizmdən daha çox gənclər əziyyət çəkir.
2015-ci ildə dünya liderləri Davamlı inkişaf məqsədlərinə çatmaq üçün fəaliyyətləri çərçivəsində 2030-cu ilədək qeyri-infeksion xəstəliklərdən ölüm hallarının üçdəbirədək azaldılmasını öhdəlik götürüblər. ÜST-nin son məruzələrinə əsasən demək olar ki, bu məqsədə nail olmaq asan olmayacaq. Doktor Tedros deyib: “Biz qısa zamanda yeni iş metodları tapmalı, fəaliyyətimizin miqyaslarını genişləndirməliyik. Əks halda, biz insanları qeyri-infeksion xəstəliklər səbəbindən vaxtsız ölümlərdən xilas edə bilməyəcəyik”.