Azərbaycan və Ukrayna əczaçıları əməkdaşlıq Memorandumu imzaladılar
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi beynəlxalq əlaqələrin qurulmasında, qarşılıqlı təcrübə mübadiləsinin təşkilində mühüm addımlar atır. MDB məkanında ölkəmizin əsas strateji müttəfiqlərindən olan Ukrayna Respublikası ilə, digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində, o cümlədən əczaçılıq sektorunda da əməkdaşlıq əlaqələri qurulur, möhkəmlənir və genişlənir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iki ölkə arasında əczaçılıq sektorunda əlaqələrin möhkəmləndirilməsi və inkişafı məqsədi ilə aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə Ukrayna Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında Qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Razılaşma sənədi iki ölkə arasında əczaçılıq sektorunda əlaqələrin davam etməsinə, yaxşılaşmasına və səmərəli inkişafına, müvafiq qurumların əməkdaşlığının genişlənməsinə imkan yaradacaq.
Qeyd edək ki, bundan əvvəl Belarus və Qazaxıstan Respublikalarının müvafiq qurumları ilə də əməkdaşlıq barədə razılaşma əldə olunub, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandumlar imzalanıb.