Masallı RMX-nın açılışı oldu
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə təmirinə başlanılmış Masallı Rayon Mərkəzi Xəstəxanası (RMX) əhalinin istifadəsinə verilib.
Səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə açılan xəstəxana 223 min nəfər əhaliyə lazımi tibbi xidmət göstərəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, 10 korpusdan ibarət Masallı RMX-da uşaq xəstəlikləri, yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat, mətbəx korpusları, habelə Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallı Rayon Şöbəsinin, Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin korpusları da var.
Xəstəxana keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün avadanlıqlarla, tibbi preparatlarla tam təmin olunub. Belə ki, kompüter tomoqrafiyası, müasir rentgen, flüoroqrafiya, ultrasəs müayinə aparatları, exokardioqrafiya, hemodializ aparatları, ən müasir süni tənəffüs aparatları, cərrahiyyə stolları, yenidoğulmuşların reanimasiya otağında müasir tibbi avadanlıqlar, stomatoloji avadanlıqlar, travmatoloji xəstələrin müayinə və müalicəsi üçün hərəkətli rentgen aparatı və s. tibbi avadanlıqlar xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verəcək.