23-cü Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçirilib
Bakı Ekspo Mərkəzində təşkil olunan BIHE – 2017 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə sərgisinin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək, artıq uzun illərdir ki, bu sərginin tibb sahəsində aparılan islahatlara öz töhfəsini verdiyini bildirib. Qeyd edib ki, səhiyyənin inkişafı ölkəmizdə sosial siyasətin prioritetlərindəndir: “Son illər bu istiqamətdə çox uğurlu addımlar atılıb, 600-ə qədər tibb müəssisəsi müasir səviyyədə tikilib və ya yenidən qurulub. Onların maddi-texniki bazası yenilənib. Bundan əlavə, kadr hazırlığı üzrə də ciddi addımlar atılıb. Məlumdur ki, bu ildən səhiyyə sahəsində islahatların bir qanadı kimi, icbari tibbi sığortanın pilot layihəsi həyata keçirilməyə başlayıb”.
Tədbirdə sərginin əhəmiyyətindən danışan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bunun xarici və yerli şirkətlərin qarşılıqlı əməkdaşlığına müsbət təsir etdiyini vurğulayıb. Bildirib ki, ölkə iqtisadiyyatının inkişafı sosial məsələlərin həlli üçün mühüm zəmin yaradır: “Dövlət başçısı sosial və iqtisadi məsələlərin vəhdətdə inkişaf etdirilməsinə böyük diqqət yetirir. Bu, Azərbaycanda səhiyyənin, tibb sahəsinin, əczaçılıq sənayesinin inkişafında da özünü göstərir”.
“İteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov isə qeyd edib ki, sərgi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları və əczaçılar arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma olmaqla, Azərbaycanda səhiyyə sisteminin daha səmərəli fəaliyyətinə kömək edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən BIHE – 2017 sərgisi “Iteca Caspian” və onun britaniyalı tərəfdaşı “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə baş tutub.
Tədbirə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa və digər ölkələrin şirkətlərini təmsil edən 104 nümayəndə qatılıb. Sərgidə ilk dəfə Özbəkistan şirkətləri də təmsil olunub. Həmçinin Belarusun 8 əczaçılıq zavodu öz ölkələrinin sənaye potensialını nümayiş etdirib. Xarici şirkətlərlə yanaşı, dünyanın nəhəng tibbi avadanlıq istehsalçılarının tərəfdaşı olan aparıcı yerli distribüter qurumları – “BTL Industries”, “Labservis”, “Planeta” və digər şirkətlər də sərgidə iştirak edib.
Bu il iştirakçılar tibb və laboratoriya avadanlıqları (cərrahiyyə əməliyyatı masası üçün tibbi avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim ediblər.
BIHE – 2017 sərgisi ilə yanaşı, Beauty Azerbaijan – 2017 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgisi də keçirilib. 9 ölkədən 20 şirkətin iştirak etdiyi bu sərginin ekspozisiyasında dekorativ kosmetika, doldurucular, mezo-preparatlar, biorevitalizantlar, kosmetoloji aparatlar və s. məhsullar nümayiş olunub.
Qeyd edək ki, 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi çərçivəsində yerli şirkətlərlə Belarusun “Belmedpreparatı” dərman zavodu və Borisovsk dərman preparatları zavodu arasında dərman vasitələrinin təchizinə dair, ümumi dəyəri 7 milyon ABŞ dolları olan beş saziş imzalanıb.