Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası
Parlamentin 2017-ci ilin payız sessiyasında Milli Məclisin Səhiyyə komitəsinin ilk iclasında komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə yaz sessiyası müddətində görülən işlər barədə məlumat verib. O bildirib ki, hesabat dövründə komitənin 7 iclasında 14 məsələ müzakirəyə çıxarılıb. Bunlardan 13 qanun layihəsi Milli Məclisin plenar iclasına təqdim olunub, müzakirələrdən sonra sənədlər qəbul edilib. Bu qanun layihələrinin çox önəmli sənədlər olduğunu vurğulayan Əhliman Əmiraslanov bildirib ki, hesabat dövründə komitənin ünvanına vətəndaşlardan 200-dən artıq ərizə və müraciət daxil olub. Komitə üzvləri müraciətlərdə qaldırılan məsələlərin həlli üçün əllərindən gələni əsirgəməyiblər. Millət vəkilləri bölgələrdə mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirib, onların problemlərinin həllində lazımi köməkliklər göstəriblər. Komitənin 2017-ci ilin yaz sessiyası dövründə görülən işlər barədə hesabat məqbul hesab edilib.
Sonra Əhliman Əmiraslanov 2017-ci ilin payız sessiyasının qanunvericilik işləri planı barədə danışaraq bildirib ki, Azərbaycanda gözün buynuz qişasının ölkəyə gətirilməsi ilə bağlı problemlər var. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı”na daxil edilmiş bu transplantlar gələcəkdə ölkəmizdə də ola bilər. Gözün buynuz qişasının bankını yaratmaq və göz qişasını cəsədlərdən götürmək mümkün ola bilər. Payız sessiyası dövründə bu məsələnin həlli üçün müəyyən işlər görüləcəyi qeyd olunub.
Komitə sədri həmçinin parlamentin payız sessiyası dövründə iki qanun layihəsinin - “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” sənədlərin plenar iclasın gündəliyinə salınacağını diqqətə çatdırıb. Qeyd olunub ki, komitədə “Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması, bununla əlaqədar ictimai dinləmələr nəzərdə tutulur.
Millət vəkilləri Musa Quliyev, Rəşad Mahmudov, Qənirə Paşayeva, Kamilə Əliyeva, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, İlham Məmmədov, Rafiq Məmmədhəsənov payız sessiyasında komitənin gündəliyinə daxil edilən sənədlər barədə fikirlərini bildiriblər. Qanunvericilik işləri planı yekdilliklə təsdiqlənib.
İclasda “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna dəyişikliklər edilməsi barədə sənədə baxılıb. Qeyd olunub ki, qanuna təklif edilən əlavəyə əsasən, əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi tədqiqatların qiymətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirəcək. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi tədqiqatlar “Elm haqqında” Qanunla müəyyən edilən qaydada həyata keçiriləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.