Beynəlxalq konfransda Azərbaycanda vərəmə qarşı mübarizə yüksək qiymətləndirilib
Tbilisidə "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində vərəmə qarşı mübarizədə parlamentlərin rolu" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə vərəm xəstəliyinin səbəbləri, yayılma tendensiyası, onun qarşısının alınmasında dövlətlərin və parlamentlərin rolu geniş müzakirə olunub. Qeyd edilib ki, hər il dünyada 3 milyona yaxın insan bu xəstəlik nəticəsində həyatını itirir. Bəzi ölkələrdə vərəmə qarşı mübarizənin təşkilində problemlər var və parlamentlər onların həllinə yardım edə bilər.
AZƏRTAC-ın yaydığı xəbərə görə, konfransda Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək, ölkəmizdə vərəm xəstəliyinə qarşı mübarizə sahəsində görülmüş işlər, qəbul olunmuş dövlət proqramları barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş Milli Vərəm Proqramı xəstəliyə qarşı mübarizəyə ayrılan xüsusi diqqətin ifadəsidir. Bu proqrama əsasən, indi Azərbaycanda xəstəliyin yaratdığı problemlərin qarşısının alınması üçün səmərəli tədbirlər görülür. Ölkəmizdə 80-nə yaxın ixtisaslaşmış vərəm mərkəzləri və müxtəlif xəstəxanalar fəaliyyət göstərir. Qəbul olunmuş dövlət proqramları çərçivəsində dərman preparatları xəstələrə pulsuz verilir. Penitensiar xidmətdə də vərəm mərkəzinin və xəstəxanasının yaradılması beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirilir.
Konfransın iştirakçıları Azərbaycanda vərəmə qarşı aparılan mübarizəni yüksək qiymətləndiriblər.