Ölkəmizdə 32 min həkim, 54 min orta tibb işçisi var
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 32 189 həkim, o cümlədən 8 122 terapevt, 3 652 pediatr, 3 445 cərrah, 2 762 stomatoloq və digər ixtisaslardan olan həkimlər fəaliyyət göstərir.
Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir. Əhalinin həkim kadrları ilə əhatə olunma göstəricisinə gəlincə, qeyd olunur ki, ölkəmizdə hər 10 min nəfər sakinə 14 pediatr, 8,4 terapevt, 3,6 cərrah, 2,9 stomatoloq, 1,4 şüa diaqnostikası üzrə mütəxəssis, 1 nevropatoloq, hər 10 min qadına 3,8 ginekoloq düşür.
Məlumatda həmçinin Azərbaycanda orta tibb işçiləri ilə bağlı 1 yanvar 2017-ci il tarixinə olan rəqəmlər açıqlanır. Belə ki, ilin əvvəlində ölkəmizdə 54 457 orta tibb işçisi, o cümlədən 38 070 tibb bacısı, 4 365 mama, 3 555 feldşer-laborant, 3 267 feldşer, 639 rentgen üzrə laborant və digər ixtisaslardan olan tibb işçisi qeydə alınıb. Hər 10 min əhaliyə isə 39,3 tibb bacısı, 3,7 feldşer-laborant, 3,4 feldşer, 0,7 rentgen üzrə laborant, hər 10 min qadına 9 mama və digər orta tibb kadrı düşür.