Sanitariya-Karantin Müfəttişliyi normalara cavab verməyən məhsulları qeydiyyata almayıb
Respublika Sanitariya-Karantin Müfəttişliyi ölkəmizə idxal olunan məhsulların sanitariya norma və qaydalarına uyğun gəlib-gəlmədiyini aşkar etmək üçün onlardan nümunələr götürərək müayinələr aparır.
Səhiyyə Nazirliyinin mətbuat xidməti qurumun 2017-ci ilin birinci yarısı ərzində apardığı müayinələr barədə məlumat verir ki, ilin ilk atı ayında müfəttişliyin laboratoriya şöbəsində sanitar-kimyəvi göstəricilər üzrə 6 381, sanitar-bakterioloji göstəricilər üzrə 4 785, toksikoloji göstəricilər üzrə 5 550 müayinə aparılıb. Onlardan quş əti farşı və dərisi ilə əlaqədar 6 nümunənin sanitar-kimyəvi, 1 nümunə süd məhsulunun və 1 nümunə bioloji aktiv əlavənin isə sanitar-bakterioloji göstəricilərinə görə sanitariya norma və qaydalarının tələblərinə cavab vermədiyi müəyyənləşdirilib və bu səbəbdən həmin məhsullar gigiyena qeydiyyatına alınmayıb.
Respublika Sanitariya-Karantin Müfəttişliyi xaricdən ölkəmizə yoluxucu xəstəliklərin keçməsinin və burada yayılmasının qarşısını almaq məqsədilə Gigiyena və Epidemiologiya Mərkəzi və Taun Əleyhinə Stansiya ilə vaxtaşırı əlaqələr yaradır, zəruri tədbirlər həyata keçirir.
Yoluxucu xəstəliklərin ölkə ərazisinə gətirilən istehlak malları vasitəsilə yayılmasının qarşısını almaq üçün müfəttişlik Dövlət Gömrük Komitəsinə metodiki yardım göstərir, sorğulara uyğun müvafiq məsləhətlər verir.
Ölkəmizlə həmsərhəd olan dövlətlərdə Krım – Konqo hemorragik qızdırma xəstəliyi ilə əlaqədar epidemioloji vəziyyət gərginləşdiyinə görə, Səhiyyə Nazirliyinin əmrinə əsasən, həmin xəstəliyə qarşı tədbirlərin gücləndirilməsi məqsədi ilə Gömrük Komitəsinə xəstəliyin törədicisi, klinikası, epidemiologiyası, müayinəsi və profilaktikası barədə məlumat göndərilib.
Mətbuat xidmətindən həmçinin bildirilir ki, Sanitariya-Karantin Müfəttişliyi Azərbaycana idxal olunan məhsullara daim sanitariya nəzarəti tədbirləri həyata keçirir. Müraciətlər əsasında təqdim olunmuş məhsulu müşayiət edən sənədlər araşdırılandan sonra laborator müayinələr üçün götürülən nümunələr təhlükəsizlik göstəricilərinə görə müayinə edilir, nəticələrə əsasən məhsul dövlət gigiyena qeydiyyatına alınır və satışına icazə verilir. Qeydiyyata alınan məhsullar Gömrük Komitəsi ilə Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə yerləşdirilir. Bunun nəticəsində gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə dərhal məlumat olur.