STEPS – 2017 sorğusu ölkəmizdə qeyri-infeksion xəstəliklər üzrə vəziyyəti öyrənir

Avqustun 24-dən etibarən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair tədqiqatın sahə işlərinə start verilib. Hazırda Bakı və Sumqayıt şəhərlərində, həmçinin Xızı rayonunda keçirilən sorğunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) işçi qrupu və həmin tədqiqat üçün xüsusi olaraq hazırlanmış mütəxəssisləri aparırlar.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin razılığı və ÜST-nin dəstəyi ilə aparılan sorğuda iştirak etmək üçün Statistika Komitəsi Azərbaycanın 9 iqtisadi zonası üzrə 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı seçib. Sorğuların keçirilməsində ölkənin bütün şəhər və rayonlarının icra hakimiyyəti orqanları, rayon mərkəzi xəstəxanaları və poliklinikaları xüsusi yardım göstərirlər.
Qeyd edək ki, sorğunun keçirilməsindən əvvəl İSİM-də tədqiqatla bağlı mütəxəssis hazırlamaq üçün ÜST-nin ekspertlərinin iştirakı ilə, həm nəzəri, həm də praktiki məşğələlərdən ibarət təlim təşkil edilib. ÜST-nin STEPS metodologiyası əsasında təlim zamanı sorğunu aparacaq müsahibəçilərə və işçi qrupuna STEPS-in üç mərhələdə həyata keçirilmə qaydaları, ev təsərrüfatları və respondentlərin seçilməsi, STEPS sorğu alətləri haqqında məlumat verilib.
Bildirilir ki, əhalinin tibbi xidmətinin yaxşılaşdırılması və sağlamlığının qorunması məqsədilə STEPS sorğusu “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”na uyğun surətdə, nazirliyin müvafiq əmrinə əsasən, müntəzəm olaraq aparılacaq. Sorğu ölkə əhalisi arasında qeyri-infeksion xəstəliklərlə əlaqədar vəziyyətin və respondentlərin ümumi sağlamlıq durumunun araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Əldə edilən məlumatlar əhalinin sağlamlığının hazırkı vəziyyəti barədə ümumi təsəvvürün formalaşmasına və gələcək istiqamətlərin müəyyənləşdirilməsinə yardım göstərəcək.
Sorğuda respondentlərə sosial-demoqrafik, qidalanma, fiziki aktivlik, alkoqolun və tütünün istifadəsi haqqında suallar təqdim olunur. Hər qrupda 1 həkim və 1 tibb bacısı olmaqla, 10 qrupdan ibarət intervüyerlər komandası Bakı, Sumqayıt və Xızı sakinlərinə sualları təqdim edərək, qeyri-infeksion xəstəliklərinin risk amillərini öyrənir. İştirakçıların fiziki göstəriciləri (boy, çəki, belin və ombanın ölçüsü, qan təzyiqi və nəbz) təyin olunur. Tədqiqatın son mərhələsində isə biokimyəvi nümunələrin analizi aparılır. Respondentlərdən analiz üçün qan (qanda şəkərin və lipidlərin miqdarını öyrənmək məqsədilə) və sidik nümunəsi (sidikdə sodium və kreatinin miqdarını öyrənmək məqsədilə) götürülür. Analizlərin hamısı ÜST-nin verdiyi laborator avadanlıqlar vasitəsilə aparılır. Gündəlik sorğu-sual mərhələsində əldə olunan 60 müsahibədən ibarət məlumatlar dərhal planşetlər vasitəsilə elektron bazaya yüklənilir və onlayn rejimində sorğunun müşahidəçilərinin nəzarətində saxlanılır.
Sorğu bu il oktyabrın ortalarınadək davam etdiriləcək.
Qeyd edək ki, həmin sorğu indiyədək 104 ölkədə keçirilib. Azərbaycanda bu sahədə ilk araşdırma 2011-ci ildə Dünya Bankının maliyyə dəstəyi ilə Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL), Ümumdünya Səhiyyə Təşkilatının və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə əməkdaşlığı ilə “Azərbaycanda xroniki qeyri-infeksion xəstəliklərin risk amilləri üzrə milli araşdırma” adı altında aparılıb.
Xəbəri paylaş