Respublika Diaqnostika Mərkəzində yeni şöbə yaradılıb
![Respublika Diaqnostika Mərkəzində yeni şöbə yaradılıb](/uploads/posts/2017-09/1505459428_md-01.jpg)
Respublika Diaqnostika Mərkəzində (RDM) Avropa standartlarına cavab verən Audiologiya şöbəsi təchiz olunaraq istifadəyə verilib.
RDM-in mətbuat xidmətindən verilən məlumata görə, şöbə alman mütəxəssislərin iştirakı ilə fəaliyyətə başlayıb. Burada hər yaş qrupundan olan şəxslərin eşitmə dəyərləndirilməsinə imkan verən obyektiv və subyektiv müayinə üsulları peşəkar mütəxəssis, həkim-audioloq tərəfindən həyata keçirilir. Eşitmə skrininqinin müayinələri TEOAE, DPOAE, saf səs audiometriyası (5 yaşdan yuxarı), oyun audiometriyası (2,5-5 yaş), timpanometriya, akustik reflekslərin təyini, toynbee və valsalva testləri, BERA (ABR), koxlear implant və eşitmə cihazı istifadəçilərinin sərbəst sahədə eşitmə dəyərləndirməsidir.
RDM-in mütəxəssisləri bildiriblər ki, kiçik bir müayinə vasitəsilə körpənin eşitmə qabiliyyətini – bizi eşidib-eşitmədiyini müəyyən etmək mümkündür. Bu sahədə problemləri audioloji skrininqlə asanlıqla aşkarlamaq olur. Yenidoğulmuşlarda eşitmənin skrininq müayinəsi qısamüddətlidir və heç bir ağrıya səbəb olmur. Xüsusi cihazin qulaqcığı körpənin xarici qulaq keçəcəyinə yerləşdirilir və eşitmə qabiliyyəti ya təbii yuxu, ya da süd əmmə vaxtı, sakit şəraitdə ölçülür.