Ekstragenital xəstəliklər hamiləliyi ağırlaşdıran amillərdir

Ekstragenital xəstəliklər hamiləliyi ağırlaşdıran amillərdir

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) Azərbaycanda antenatal qulluğun təşkilinə dair mətbuat konfransı keçirilib.
Səhiyyə Nazirliyinin təşəbüsü ilə keçirilən tədbirdə ETMGİ-nin Hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova çıxış edərək, hamiləliyin ağırlaşma faktorlarından danışıb. Bu amillərin bir neçə qrupa bölündüyünü deyən şöbə müdiri bunlardan ilk növbədə sosial-bioloji faktorları (hamilənin yaşının 18-dən kiçik, 40-dan yuxarı olması, atanın yaşının 40-dan yuxarı olması, zərərli vərdişlər və s.) qeyd edib. Mama-ginekoloji anamnezin də bu sıraya aid olduğunu söyləyən natiq doğuş sayının 4 və daha artıq olması, uşağının inkişaf qüsurunun olması, təkrari və fəsadlaşmış abortlar, sonsuzluq, induksiya olunmuş hamiləlik, uşaqlıq və artımlarda cərrahi müdaxilələr, inkişafdan qalmış hamiləlik və bu kimi bir sıra halları risk amili kimi dəyərləndirib.
Z.Muradova vurğulayıb ki, ekstragenital xəstəliklər də hamiləliyi ağırlaşdıran faktorlara aiddir. Bunlara hipertenziya, ürək-damar sistemi xəstəlikləri, qan xəstəlikləri, hemostaz pozuntuları, qaraciyər xəstəlikləri, onkoloji və bir sıra digər xəstəlikləri də aid etmək olar. Preeklampsiyanın risk faktorları sırasına birinci hamiləlik, anemnizində preeklampsiya və ya eklampsiya olan hamilələr, piylənmə, yəni bədən-kütlə indeksi 35-dən yuxarı olanlar, doğuşlar arasında intervalı 2 ildən az və ya 10 ildən çox olanlar və bu kimi bir sıra hallar aiddir.
İnstitutun Mamalıq bölməsinin böyük elmi işçisi Fatimə Hacıyeva bildirib ki, antenatal qulluğun keyfiyyəti gəlişlərin və aparılan profilaktik tədbirlərin sayı ilə deyil, göstərilən yardımın keyfiyyəti, hamilə qadın və onun ailə üzvlərinin hamiləliyin gedişi barədə məlumatlılığı, yaxınlarının hamiləyə fiziki, psixoloji, emosional və sosial dəstəyinin səviyyəsi, hamiləliyin gedişinə nəzarət və antenatal qulluq sisteminə müraciətin vaxtında olması ilə müəyyən olunur. Bu səbəbdən burada əsas vəzifə məlumatı düzgün formalaşdırıb təqdim edə bilən, hamiləyə dərk edilmiş doğru seçim etməyə imkan verən, təlim keçmiş tibbi personalın üzərinə düşür.
Bildirilib ki, əsassız həkim müdaxilələrinin minimuma endirilməsi, bütün hamiləlik boyu qadının bir tibb işçisinin nəzarəti altında olması məqsədəuyğundur. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə yeddi gəlişi tövsiyə olunur. Bu gəlişlər hamiləliyin 12-ci həftəsinə qədər, 18-20-ci, 26-28-ci, 30-32-ci, 34-36-cı, 38-ci və 40-cı həftələrinə təsadüf etməlidir.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova