Telesəhiyyə vasitəsilə konsultasiyalar təşkil olunur
Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) “113” dispetçer mərkəzinə 2017-ci ilin 7 ayında ümumilikdə 609 çağırış daxil olub. Nəticədə, 1 045 nəfərə ilkin tibbi xidmət göstərilib, onlardan 782 nəfəri hospitalizasiya edilib. Çağırışlardan 509-u yol-nəqliyyat hadisələri, 84-ü terapevtik hallar, 7-si müxtəlif zədələrlə əlaqədar olub.
Bu rəqəmlər Səhiyyə Nazirliyi mətbuat xidmətinin SNTTTYS-nın 2017-ci ilin yanvar-iyul aylarında fəaliyyətinə həsr olunmuş press-relizində açıqlanıb.
Məlumat verilir ki, sözügedən dövrdə stansiyanın Konsultativ bölməsi üzrə ümumilikdə 871 çağırış həyata keçirilib. O cümlədən, telesəhiyyə vasitəsilə 21 ixtisas üzrə məsləhətçi həkimlərin 161 xəstəyə 216 konsultasiyası təşkil olunub. Məsləhət verilən xəstələrdən 59-u paytaxt xəstəxanalarına köçürülüb.
İlin ilk 7 ayında 595 xəstəyə konsultativ xidmət göstərilib. Onlardan 266 nəfəri konsultativ bölmənin mütəxəssislərinin məsləhəti və müşahidəsi ilə daha yüksək səviyyəli tibb müəssisəsinə, o cümlədən 235-i Bakının səhiyyə ocaqlarına köçürülüb.
Bu ilin əvvəlindən iyulun sonunadək SNTTTYS-nın mütəxəssislərinin iştirakı ilə yerlərdə 18 cərrahi əməliyyat aparılıb. Onların əksəriyyəti hamiləlik patologiyası, travmalar, kəskin daxili qanaxmalar və sairlə bağlı olub.
Həmin dövrdə perinatal xidmət, hematologiya, cərrahiyyə və digər sahələr üzrə xüsusiləşdirilmiş briqadalar Nazirliyin göstərişi ilə Konsultativ bölmənin nəqliyyat vasitələri ilə 98 dəfə ezamiyyətə göndərilib.