“Gələcəyə sağlam baxış”
Milli Oftalmologiya Mərkəzində bu adda aksiya keçirilib
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində (MOM) Milli Mətbuat gününə həsr olunan “Gələcəyə sağlam baxış” adlı aksiya keçirilib. Azərbaycan mediasının səhiyyə sahəsindəki fəaliyyətinə, xüsusilə oftalmologiyaya diqqət çəkmək məqsədi daşıyan aksiya çərçivəsində KİV təmsilçiləri Mərkəzin xidmətlərindən yararlanıblar.
Tədbirdə MOM-nin baş həkimi, tibb elmləri doktoru Aytən Sultanova Milli Mətbuat Günü münasibətilə media işçilərini təbrik edib və onlara Mərkəzin fəaliyyəti barədə məlumat verib. Mütəxəssislərin mütəmadi olaraq xarici ölkələrdə müxtəlif tədbirlərdə iştirak etdiyini, oftalmologiya sahəsindəki yeni biliklərə yiyələnərək, onları ölkəmizdə tətbiq etdiklərini söyləyən baş həkim Mərkəzə və ümumiyyətlə oftalmologiya sahəsinə aid bütün yeniliklərin ictimaiyyətə çatdırılmasında KİV nümayəndələrinin böyük əməyini vurğulayıb: “Bir çoxlarının uzun zamandır gözlədiyi buynuz qişa transplantasiyasının ölkəmizdə icrası istiqamətində görülən işlərin geniş işıqlandırılmasında və təbliğində də mətbuatın rolu əvəzsizdir. Əməliyyatın icrası ilə bağlı deyə bilərəm ki, buynuz qişanın ölkəmizə gətirilməsi üçün hazırlıqlar başa çatmaq üzrədir. Çox güman ki, sentyabrdan etibarən ölkəmizdə buynuz qişanın transplantasiyası əməliyyatına başlanılacaq. Hazırda dörd minə yaxın insan bu əməliyyatın tətbiqini gözləyir. Bunların arasında anadangəlmə görmə pozuntusı olan körpələr var ki, onlara təcili buynuz qişa transplantasiyası edilməlidir. İlk olaraq gənclərin və uşaqların üzərində icra olunacaq bu əməliyyatın gələcəkdə yaşlı nəslin nümayəndələrinin üzərində də tətbiqi nəzərdə tutulur. Hazırda ABŞ-ın və İranın qabaqcıl klinikaları ilə buynuz qişanın Azərbaycana gətirilməsi üzrə danışıqlar aparılır, müqavilələr imzalanır”.
“Sağlamlığın Qorunması” İctimai Birliyinin rəhbəri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva da çıxış edərək, jurnalistlərə təbriklərini çatdırıb.