Neyrocərrahlarımız ən ağır nevroloji əməliyyatları icra edirlər
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasında keçirilən mətbuat konfransında xəstəxananın baş həkimi Kabus Dadaşov media nümayəndələrinə tibb müəssisəsinin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin sosial siyasətinə uyğun olaraq, paytaxtdakı tibb müəssisələrində yenidənqurma işləri aparılır, onların maddi-texniki bazası möhkəmləndirilir. O cümlədən 2010-2012-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında da yenidənqurma işləri aparılıb və səhiyyə müəssisəsi ən müasir tibbi avadanlıqla təchiz edilərək əhalinin istifadəsinə verilib. Beləliklə, ölkənin yeganə neyrocərrahiyyə xəstəxanasında xəstələrin yüksək səviyyədə müalicəsi, 440 tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Baş həkim məlumat verib ki, xəstəxanada dörd neyrocərrahiyyə şöbəsi, o cümlədən spinal neyrocərrahiyyə, baş-beyin, nevrotravma, uşaq neyrocərrahiyyəsi şöbələri, anesteziologiya-reanimasiya və intensiv terapiya, fizioterapiya və tibbi bərpa, laboratoriya, şüa diaqnostikası və digər köməkçi bölmələr fəaliyyət göstərir. Bir əməliyyat bloku, dörd cərrahiyyə otağı olan tibb müəssisəsində mikroskopik cərrahi əməliyyatların aparılması üçün bütün zəruri avadanlıq quraşdırılıb. Müəssisədə 79 həkim işləyir ki, onlardan da 27-si neyrocərrahdır. Mütəxəssislərimiz dünyada ən ağır hesab olunan bütün növ nevroloji əməliyyatları xəstəxanada icra edirlər. Tibb müəssisəsində kadr hazırlığına xüsusi yer ayrılıb. Belə ki, hər il onlarla mütəxəssis peşəkarlıq səviyyələrini artırmaq məqsədi ilə dünyanın ən tanınmış klinikalarında ixtisasartırma kurslarına qatılırlar. Mütəxəssislər müxtəlif beynəlxalq seminarlarda, simpoziumlarda məruzələrlə çıxış edirlər.
Baş həkim vurğulayıb ki, ötən il xəstəxanada 2 100 əməliyyat icra olunub, onlardan 129-u təxirəsalınmaz, 1 982-si isə planlı əməliyyat olub. 10 850 xəstəyə yüksək səviyyədə ambulator yardım göstərilib. Bu ilin 6 ayı ərzində isə 1 014 əməliyyat həyata keçirilib, 5 511 ambulator müraciət olub.
K.Dadaşov bildirib ki, xəstəxanada çalışan neyrocərrahların üzərinə çox böyük məsuliyyət düşür – onlar Bakı şəhərində fəaliyyət göstərən bütün tibb müəssisələrinə gedir, konsultasiyalar keçirir, lazımi tibbi müdaxilələr edirlər. Neyrocərrahlar, eyni zamanda, sanaviasiya vasitəsilə Azərbaycanın istənilən bölgəsinə ezam olunur, bəzən gün ərzində 2-3 çağırış yerinə yetirirlər.