Ölkəmizdə 3312 nəfər hemodializ müalicəsi alır
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində (KTM) Azərbaycanda xroniki böyrək çatışmazlığı və ya böyrəklərin xroniki xəstəliyi ilə mübarizəyə, bu sahədə xəstələrə dövlət qayğısına, həyata keçirilən tədbirlərə həsr edilmiş mətbuat konfransı baş tutub.
Toplantıda KTM-in Hemodializ şöbəsinin müdiri Mirhaşım Cəlalov hazırda Azərbaycanda 38 hemodializ mərkəzində 600 hemodializ aparatının 3312 xəstəyə xidmət etdiyini bildirib. Qeyd edib ki, bunlardan 1329-u Bakıda, 1983-ü regionlarda tam dövlət hesablı hemodializlə təmin olunub. Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”na uyğun olaraq, ötən il Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilib.
Şöbə müdiri bildirib ki, Azərbaycanda hemodializlə müalicə alan xəstələrdən ən kiçiyinin 3, ən yaşlısının isə 85 yaşı var. Hazırda bu xəstəlikdən əziyyət çəkən, yaşı 15-dək olan 6 pasiyent var. Xəstələr Səhiyyə Nazirliyi tərəfindən 71 adda dərman preparatı və tibbi ləvazimatlarla tam təmin olunurlar. Dövlət proqramı üzrə 719 nəfər böyrək köçürülmüş xəstə var ki, onlardan 54-nə böyrəkköçürmə əməliyyatı bu ildə aparılıb. Həmin xəstələr 13 adda dərman preparatı ilə dövlət hesabına tam təmin olunurlar.
M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev bildirib ki, böyrək çatışmazlığından əziyyət çəkən şəxslərin hər birinin müalicəsi üçün hər il dövlət tərəfindən 13-15 min manat məbləğində vəsait sərf olunur. Belə xəstələrin təxminən 28-31 faizi şəkərli diabetdən əziyyət çəkənlərdir.
Qeyd olunub ki, ölkə üzrə fəaliyyət göstərən dializ şöbələrində hər bir dializ aparatı gündə üç növbə olmaqla xəstələrə xidmət göstərir. Bəzi bölgələrdə əhalinin çoxluğu ilə əlaqədar müəyyən sıxlıqlar müşahidə edilir ki, bu zaman xəstələr yaxın rayonlarda yerləşən şöbələrə yönləndirilirlər.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib, suallar cavablandırılıb.