Bakı Ürək Mərkəzində brifinq keçirildi
Respublika Diaqnostika Mərkəzinin (RDM) nəzdində fəaliyyət göstərən Bakı Ürək Mərkəzində Milli Mətbuat günü münasibətilə Səhiyyə Nazirliyi tərəfindən jurnalistlər üçün brifinq keçirilib. Milli Məclisin deputatı, Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı R.Mahmudovun, Elmi Tədqiqat Kardiologiya İnstitutunun Ürək çatışmazlığı şöbəsinin böyük elmi işçisi, professor T.Cahangirovun və Elmi Cərrahiyə Mərkəzinin cərrahı, professor F.Abdullayevin iştirak etdiyi tədbirdə ölkəmizdə kardiologiyanın müasir vəziyyəti müzakirə olunub.
Toplantıda tanınmış ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov müasir ürək problemləri, Azərbaycanda onların müalicə və profilaktikası istiqamətində atılan addımlarla bağlı çıxış edib.
Bakı Ürək Mərkəzinin fəaliyyəti barədə media işçilərinə məlumat verən R.Mahmudov bildirib ki, bu qurum Azərbaycan səhiyyəsinin növbəti uğurudur. Mərkəzin təşkilində məqsəd Azərbaycanda ürək xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və müalicəsi üzrə beynəlxalq standartlara uyğun tibb xidməti və keyfiyyət sistemi qurmaq, həmçinin bu sahədə çalışan peşəkarların dolğun fəaliyyətinə hərtərəfli şərait yaratmaqdır.
Qeyd olunub ki, Bakı Ürək Mərkəzində həm böyüklərdə, həm də uşaqlarda ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazların köməyi ilə müayinə və müalicə, eləcə də invaziv-kardioloji və açıq cərrahiyyə əməliyyatları həyata keçirilir. Fəaliyyətə başladığı gündən indiyədək Mərkəzdə 160-dan çox açıq ürək əməliyyatı aparılıb, 300-dən çox xəstəyə invaziv müdaxilə edilib. Minlərlə insan isə kardiologiyanın müxtəlif istiqamətlərini əhatə edən tibbi xidmətlərdən faydalanıb. Mərkəzdə aparılan ürək əməliyyatlarının 30-40 faizinin döş sümüyü kəsilmədən icra olunduğu xüsusi vurğulanıb.
Rəşad Mahmudov öz çıxışında qeyd edib ki, bu gün ölkəmizdə hətta ən ağır əməliyyatları icra edən, tibbi və kadr baxımından tam təmin olunmuş, yüksək standartlara cavab verən kifayət qədər tibb müəssisəmiz var. Cərrahiyyə əməliyyatından sonra xəstələrin müalicəsinin davam etdirildiyi kardioreabilitasiya dövründə 4 reabilitasiyanın – nevroloji, ortopedik, kardioloji və pediatrik reabilitasiyanın aparılmasının eyni mərkəzdə cəmləşməsi də RDM-i digər tibb müəssisələrindən fərqləndirən cəhətdir.
Vurğulanıb ki, Respublika Diaqnostika Mərkəzi Amerika Birləşmiş Ştatlarının JCI (Joint Commission International) qızıl sertifikatına layiq görülüb, mərkəzin laboratoriyası isə beynəlxalq ISO sertifikatını alıb.
R.Mahmudov qeyd edib ki, statistik göstəricilərə əsasən, hazırda dünyada insan ölümünün bir nömrəli səbəbi olaraq göstərilən ürək-damar sistemi xəstəlikləri ümumi sağlamlıq problemlərinin 58,8 faizini təşkil edir. İnkişaf artdıqca, ümumi xəstəliklər arasında ürək-damar sistemi xəstəliklərinin xüsusi çəkisi artır. Dünya statistikasına görə, hər yeni doğulan 1000 uşaqdan 8-12-də müxtəlif ürək qüsurları aşkar edilir. Cərrah hər il dünyada 3 mindən çox insan üzərində aparılan ürək transplantasiyasının ölkəmizdə keçirilməsi üçün istər tibbi, istərsə də texniki cəhətdən heç bir problemin olmadığını deyib. Bildirib ki, hazırda belə əməliyyatların icra olunmaması yalnız donor problemi ilə bağlıdır.
Sonra ürək-damar cərrahiyyəsi və əməliyyatlardan sonrakı reabilitasiya problemləri barədə müzakirələr aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində mətbuat nümayəndələri üçün Bakı Ürək Mərkəzinə mediatur təşkil olunub.