291 min nəfər nikahdan öncə müayinədən keçib
2015-ci ilin iyun ayından başlayaraq, ailə həyatı quran cütlüklərin nikahdan əvvəl müayinədən keçirilməsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb. Həmin müayinələri aparmaqda əsas məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin və digər irsi xəstəliklərin qarşısını almaqdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq ediləndən bu il iyunun sonunadək 291 431 nəfər müayinədən keçib. Həmin dövrdə müayinə olunanların əksəriyyətinin sağlamlığı qənaətbəxş olsa da, onların bəzilərində talassemiya daşıyıcılığı və müxtəlif xarakterli infeksiyalar aşkarlanıb. Belə ki, indiyədək nikaha daxil olmaq istəyən 12 036 nəfərdə talassemiya daşıyıcılığı, 1 143 nəfərdə sifilis, 209 nəfərdə isə İİV infeksiyası aşkar olunub.
Bu ilin birinci yarısında 63 137 nəfər müayinələrə cəlb edilib. 1 853 nəfərdə talassemiya daşıyıcılığı müəyyən olunub, o cümlədən 19 cütlükdə hər iki şəxsdə daşıyıcılıq qeydə alınıb. Müayinə olunanların 259 nəfərində sifilis, 46 nəfərdə isə İİV infeksiyası olduğu aşkarlanıb.